Xəzər Xəbər

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” Qanun qüvvəyə minib

Dünya | 17:09 • 1 Avqust 2024
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” Qanun qüvvəyə minib

Gürcüstanda qeyri-hökumət təşkilatlarını və media subyektlərini xarici dövlətin maraqlarına xidmət edən qurumlar kimi Milli Dövlət Reyestri Agentliyində qeydiyyatdan keçirilməsini nəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” Qanunun bütün normaları avqustun 1-dən qüvvəyə minib.

Xezerxeber.az xəbər verir ki, Qanuna əsasən, gəlirlərinin 20 faizdən çoxu xaricdən maliyyələşən bütün təşkilatlar üçün reyestrdə qeydiyyat məcburidir.

Qanuna görə, qeydiyyat zamanı əvvəlki ildə daxil olan hər hansı pul vəsaitlərinin və ya əmlak dəyərində olan digər maddi sərvətlərin mənbəyi, məbləği və təyinatı haqqında məlumatlar əks etdirilməlidir. Həmçinin ərizəçi əvvəlki il ərzində xərclədiyi pulun məbləği və təyinatı barədə məlumat verməlidir.

Bundan əlavə, ədliyyə nazirinin əmri ilə Milli Dövlət Reyestri Agentliyində Maliyyə Bəyannaməsi Departamenti yaradılıb. Onun vəzifələri Qanuna uyğun olaraq xarici dövlətin maraqlarını həyata keçirən təşkilatların reyestrini aparmaq və aşkarlığı təmin etməkdir.

Bu Qanun Ədliyyə Nazirliyinə “xarici dövlətin maraqlarını həyata keçirən təşkilatı” aşkar etmək məqsədilə istənilən vaxt məsələnin araşdırılması və öyrənilməsi, həmçinin nəzarətini aparmaq səlahiyyəti verir.

“Xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” kimi qeydiyyatdan yayınan və ya bəyannamə doldurmayan təşkilatlar 25 min lari məbləğində cərimələnəcək.

Xəbər lenti

Çox oxunanlar