Xəzər Xəbər

Ağciyər xərçəngi dünyada xərçəngdən ölümlərin beşdə birini təşkil edir

Dünya | 13:55 • 1 Avqust 2024
Ağciyər xərçəngi dünyada xərçəngdən ölümlərin beşdə birini təşkil edir

Hər il avqustun 1-də Ümumdünya Ağciyər Xərçəngi Günü qeyd olunur. Bu günün keçirilməsində məqsəd həmin xəstəliyin insan və sosial sağlamlığa təsiri, risk faktorları, aşkar edilməsi, profilaktikası və müalicəsi üsulları haqqında əhalinin maarifləndirilməsi səviyyəsini artırmaqdır.

Xezerxeber.az xəbər verir ki, ağciyər xərçəngi bədxassəli yenitörəmələrin ən çox yayılmış növlərindən biridir (ilk növbədə kişilər arasında) və xərçəng patologiyası nəticəsində ən çox qeydə alınan ölüm səbəbidir.

XX əsrin əvvəllərində ağciyər xərçəngi nadir bir xəstəlik hesab olunurdu, lakin bu gün bütün xərçəng hadisələrinin təxminən 13 faizini və bütün dünyada xərçəngdən ölümlərin beşdə birini təşkil edir. Həmin rəqəmlər artmaqdadır.

Mütəxəssislər bu xəstəlikdən əziyyət çəkənlərin sayının artmasını xəstəliyin inkişafında mühüm rol oynayan amillərin yayılması ilə əlaqələndirirlər. Bu, ilk növbədə, tütünçəkmə, təhlükəli sənaye sahələrinin (uran, radiasiya, asbest) inkişafı və ekoloji vəziyyətin pisləşməsidir.

Bütün bu məlumatlar ağciyər xərçənginin müalicəsində yeni yanaşmaların işlənib-hazırlanması və klinik praktikaya daxil edilməsi zərurətini ortaya qoyur. Son illərdə əsas kəşflərdən biri immun nəzarət nöqtəsi inhibitorlarından istifadə edilən immunoterapiyadır ki, bu da müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırıb. Bu zaman immun sisteminin şişlərlə mübarizədə təbii qabiliyyətini gücləndirən dərmanlardan istifadə edilir.

Həmçinin ağciyər şişlərinin diaqnostikasının əsas üsullarından biri olan və xəstələrin böyük əksəriyyətində onu vaxtında aşkar etməyə imkan verən müntəzəm rentgen müayinəsi aktualdır. Flüoroqrafiyadan skrininq üsulu kimi istifadə olunur ki, bu da adətən profilaktik tibbi müayinələr zamanı aparılır.

Yadda saxlamaq lazımdır ki, ağciyər xərçəngi təkcə ciddi tibbi deyil, həm də sosial problemdir. Buna görə də həmin beynəlxalq gündə bir çox maarifləndirici tibbi tədbirlər, mətbuat konfransları, forumlar və s. təşkil edilir, aparıcı onkoloqlar xərçəngin müalicəsi və profilaktikası sahəsində yenilikləri bölüşürlər.

Xəbər lenti