Xəzər Xəbər

Nazir müavini: Penitensiar müəssisələrdə cəza çəkənlərin seçki hüququ təmin edilir

Dünya | 13:39 • 10 İyul 2024
Nazir müavini: Penitensiar müəssisələrdə cəza çəkənlərin seçki hüququ təmin edilir

Sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərinin ən böyük özəlliyi Azərbaycanın bütün ərazilərində keçirilməsidir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri ədliyyə nazirinin müavini Abiddin Hüseynov növbədənkənar parlament seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Nazir müavini bildirib ki, seçkilərin milli qanunvericiliyə uyğun keçirilməsi məsələsi qarşımızda mühüm vəzifələr qoyur.

Prosesdə ədliyyə orqanlarının vəzifələrindən danışan A.Hüseynov seçkilərdə vətəndaşların fəal iştirakını qeyd edib. Bildirib ki, nazirliyin seçki prosesində vəzifələrindən biri də penitensiar müəssisələrdə olanların seçki prosesində iştirakının təmin edilməsidir. Onun sözlərinə görə, paradoksal məqamlardan biri də bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda penitensiar müəssisələrdə cəza çəkənlərin seçki hüququnun təmin edilməsidir.

“Penitensiar müəssisələrdə keçirilən seçkilər təlimata uyğun aparılır və xüsusi komissiya yaradılır. Seçki günü səsverməni izləmək üçün media subyektləri cəlb olunurlar”, - deyə o bildirib.

Seçki siyahılarının dürüstləşdirilməsində Ədliyyə Nazirliyinin də iştirak etdiyini diqqətə çatdıran nazirlik rəsmisi doğum və ölüm faktları ilə məlumatların dəqiqləşdirilməsi məsələsinə toxunub. Qeyd edib ki, məlumatlar Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə reyestrdə yoxlanılır.

O qeyd edib ki, Ədliyyə Nazirliyi seçki prosesinə həm də notarial qaydada qoşulur.

Xəbər lenti

Çox oxunanlar