Xəzər Xəbər

Dron müharibəsi qlobal müdafiə sənayesi iyerarxiyasını sarsıdır

Dünya | 13:08 • 8 İyul 2024
Dron müharibəsi qlobal müdafiə sənayesi iyerarxiyasını sarsıdır

Dron müharibəsi dövründə yeni, effektiv döyüş texnologiyalarının sürətlə yayılması qlobal müdafiə sənayesində uzun müddətdir ki, iri podratçıların üstünlük təşkil etdiyi sistemli iyerarxiyanı sarsıdır. 

Bu barədə Britaniyanın nüfuzlu “Financial Times” nəşrinin məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, ənənəvi silah proqramların inkişafı bəzən onilliklər tələb edir və əhəmiyyətli dövlət büdcələrinə, eləcə də böyük tədqiqat və sınaq qurğularına əsaslanır. Bunun əksinə olaraq, Ukraynadakı münaqişə zamanı istifadəsi artan pilotsuz uçuş aparatları (PUA) ucuz, səmərəli və çox tez istehsal olunur ki, bu da qlobal müdafiə sənayesində kiçik oyunçular və qurulmuş sənaye nəhəngləri arasında rəqabəti bərabərləşdirməyə kömək edir”.

Ukraynanın pilotsuz təyyarələri üçün proqram təminatı hazırlayan ABŞ-ın “Auterion” şirkətinin rəhbəri Lorenz Meyerin sözlərinə görə, yeni texnologiyaların inkişafı və tətbiqi dövrünün müddəti çox qısadır. İsveçin “Saab” konserninin baş direktoru Mikael Yohansson isə vurğulayır ki, Ukraynada baş verən hadisələr qlobal silah bazarı üçün vaxtın və daha çevik inkişafın vacibliyini göstərir. İstehsalı uzun illər çəkəcək mükəmməl məhsulu inkişaf etdirməkdənsə, sınaqdan keçirilə, dəyişdirilə və yenidən test olunan məhsulların sürətlə yaradılması daha faydalıdır.

Britaniya Strateji Komandanlığının rəhbəri Ceyms Hokkenhull daha əvvəl bununla bağlı deyib: "Ukrayna müharibəsinin bizə öyrətdiyi əsas məsələ daha sürətli hərəkət etməyin vacibliyidir”. “Financial Times” qeyd edir ki, dronların artıq hər yerdə olması müdafiə sənayesini dərindən dəyişir, çünki yeni oyunçular bu sektorda onilliklər ərzində dominantlıq edən “Lockheed Martin”, “Raytheon” və “BAE Systems” kimi köklü şirkətlərlə rəqabət aparır. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar