“Böyük yeddilik” (G7) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynanın bərpasına dəstək üçün istifadə etmək niyyətindədir.
Bu barədə İtaliyanın G7-yə sədrliyi ilə Stresa bölgəsində keçirilən G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşə dair yayımlanan bəyanatda bildirilir.
Görüşdə qlobal iqtisadi və maliyyə sektorunda baş verən son hadisələr müzakirə edilib, geosiyasi gərginliyin artması və enerji qiymətlərindəki dalğalanma təhlükəsi səbəbindən iqtisadi irəliləyişin risklərə məruz qalmağa davam etdiyi bildirilib. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki kritik vəziyyətin beynəlxalq ticarət axını və tədarük zəncirlərində davamlılığı poza biləcəyi qeyd olunub.
Həmçinin valyuta məzənnələrindəki həddindən artıq dalğalanmalara və nizamsız hərəkətlərə qarşı xəbərdarlıq edilib.
Bildirilib ki, Rusiyanın dondurulmuş dövlət aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə istifadəsi üçün ABŞ-ın təklifi müzakirə olunub, danışıqlarda bunun üçün potensial yollarla bağlı müəyyən irəliləyiş əldə ediblər, lakin nazirlər yekun razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyanın Avropa İttifaqına üzv və digər ölkələrdə təxminən 300 milyard dollarlıq aktivi dondurulub. Bu rəqəmin təkcə 228 milyard dolları Aİ-nin payına düşür.
Xatırladaq ki, İtaliya G7-yə sədrliyi ilə iyunun 13-15-də Puglia bölgəsindəki Borqo Eqnaziyada “Böyük yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək. (AZƏRTAC)