ABŞ-ın sabiq prezidenti Donald Tramp maliyyə donorlarının sayının azalması səbəbindən 2024-cü ildə prezident Cozef Baydendən 75 milyon dollar az ianə toplayıb.
“Financial Times” nəşri yazır ki, bu ilin birinci rübündə Bayden 165 milyon dollar, Tramp isə rəqibindən xeyli az - 90 milyon dollar ianə yığa bilib. Sabiq prezidentin seçki kampaniyası və ona bağlı siyasi komitələr 2023-cü ilin iyulundan 2024-cü ilin birinci rübünədək təxminən 900 min donor cəlb edib. 2020-ci ilin eyni dövrü ərzində isə onların sayı 1,17 milyon idi.
Donald Trampa donor dəstəyinin zəifləməsi əsasən yaşayış qiymətinin artması ilə izah olunur. Ekspertlər 2024-cü ildə prezidentlik yarışının Cozef Baydenin rekord həcmdə - 1 milyard dollar, onun əsas rəqibinin isə 775 milyon dollar ianə topladığı 2020-ci ili geridə qoyaraq, ən bahalı seçki kampaniyası ola biləcəyinə dair proqnozlar verirlər.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Donald Tramp artıq Respublikaçılar partiyasından prezidentliyə namizəd olmaq üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Cozef Bayden isə Demokratlar partiyasından kifayət qədər dəstək qazanıb.