Xəzər Xəbər

Britaniyanın XİN rəhbəri: İsrailə silah ixracı davam edəcək

Dünya | 10:23 • 10 Aprel 2024
Britaniyanın XİN rəhbəri: İsrailə silah ixracı davam edəcək

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailə silah ixracının davam edəcəyini deyib.

Xezerxeber.az xəbər verir ki, XİN rəhbəri bu barədə amerikalı həmkarı Antoni Blinkenlə birgə keçirilən mətbuat konfransında deyib. O, İsrailin HƏMAS-a qarşı müharibədə humanitar qanunları pozub-pozmadığına dair nazirlərə verilən son hüquqi məsləhətləri nəzərdən keçirdiyini bildirib.

“Hüquqi məsləhətləri nəzərdən keçirdikdən sonra ixrac lisenziyaları ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz hüquqi məsləhətləri nə dərc edirik, nə də şərh edirik. Lakin ona uyğun hərəkət edirik, biz qanuna tabe olan bir hökumətik və belə də olmalıdır”, - deyə xarici işlər naziri İsrailə silah ixracının davam edəcəyini bildirib.

Ancaq o, əlavə edib ki, Qəzzaya humanitar yardımın daxil olması ilə bağlı Britaniyanın narahatlıqları hələ də davam edir.

Qeyd edək ki, Mühafizəkarlar partiyasının bəzi yüksək vəzifəli şəxsləri Qəzzada artan humanitar böhran və “World Central Kitchen” xeyriyyə təşkilatındakı üç britaniyalı könüllünün öldürülməsindən sonra İsrailə silah ixracını dayandırmağı üçün Britaniya hökumətinə təzyiqlər edir.

Britaniya şirkətləri İsrailin ümumi silah idxalının təxminən 0,02 faizini təmin edir.

Xəbər lenti