Honkonq hüquq-mühafizə orqanları ehtiyat hissələri adı altında gizlənmiş 146 kiloqram qızılı müsadirə ediblər.
Honkonq gömrük idarəsinin bəyanatına əsasən, hava kompressorlarının hissələri formasına salınmış böyük miqdarda qiymətli metalın qanunsuz ixrac cəhdinin qarşısı alınıb.
Ümumi dəyəri 10,7 milyon dollar olan təxminən 146 kiloqram qiymətli metal əridilərək müxtəlif hissələrin formasına salınıb, daha sonra gümüşü boya ilə rənglənib. Yük təyyarənin göyərtəsində aşkarlanaraq götürülüb. Araşdırma zamanı polis 31 yaşlı şübhəli şəxsi saxlayıb. Onu 2 milyon dollara qədər cərimə və 7 ilədək həbs cəzası gözləyir.
Gömrük nümayəndəsinin sözlərinə görə, Yaponiyaya aparılması planlaşdırılan qızılın maskalanması 10 faiz idxal rüsumundan (təxminən 1 milyon dollar) yayınmaq niyyəti güdürdü.
Qeyd edək ki, geosiyasi qeyri-müəyyənlik, aşağı faiz dərəcələri gözləntiləri və dünya mərkəzi banklarının artan tələbi fonunda qızıl ilin əvvəlindən kəskin bahalaşıb. Aprelin 8-də Nyu-Yorkun Comex birjasında qızılın bir unsiyasının iyun fyuçersləri tarixi maksimumu yeniləyərək 2351 dollara çatıb. (AZƏRTAC)