Xəzər Xəbər

Ərdoğan: Zəlzələ bölgəsində 80 minə yaxın mənzil tikilib

Dünya | 14:53 • 9 Aprel 2024
Ərdoğan: Zəlzələ bölgəsində 80 minə yaxın mənzil tikilib

Ötən il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra təbii fəlakət bölgəsinin yenidən inşası prosesi var gücü ilə davam edir. İndiyədək bölgədə 80 minə yaxın mənzilin tikintisi tamamlanaraq qanuni sahiblərinə təhvil verilib. Hər ay 15-20 min mənzil yenidən inşa edilir. İlin sonuna qədər bu rəqəmin 200 minə çatdırılması hədəflənir.

Xezerxeber.az xəbər verir ki, bu rəqəmləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan Bayramı münasibətilə xalqa müraciətində açıqlayıb.

Türkiyə Prezidenti müraciətində həmçinin bildirib ki, ölkənin birliyini və xalqın əmin-amanlığını təhdid edən PKK, FETÖ, İŞİD başda olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizə tam əminliklə davam edir. Türkiyə terroru mənbəyində məhv etmək strategiyasını qətiyyətlə həyata keçirir.

İqtisadi baxımdan yaşayış minimumu və inflyasiya ilə mübarizənin ölkə siyasətinin prioritet məsələlərindən olduğunu vurğulayan Ərdoğan bildirib ki, bu məqsədlə həyata keçirilən iqtisadi proqramın müsbət təsirlərini ilin ikinci yarısından etibarən daha aydın görmək mümkün olacaq.

İsrail ilə Fələstin arasında davam edən qarşıdurmaya toxunan Türkiyə Prezidenti indiyədək ölkəsindən Qəzza zolağına 45 min ton humanitar yardım göndərildiyini deyib.

Xəbər lenti

Çox oxunanlar