Dünyanın aparıcı alimləri mart ayında normadan artıq qlobal istilərin qeydə alındığını bildiriblər. Onlar vurğulayıblar ki, ilin sonunadək rekord isti temperaturlar aşağı düşməsə, iqlim dəyişikliyi təhlükəli hal ala bilər.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu xəbərdarlıq keçən ay verilən məlumatlardan sonra aylıq temperatur rekordlarının ardıcıl 10 aya qədər davam etməsi ilə dünyanın ən isti mart ayının qeydə alınması fonunda edilib. Bu, eyni zamanda, dünyanın daha da sürətli iqlim dəyişikliyinin yeni mərhələsinə girə biləcəyi ilə bağlı narahatlıqları gücləndirir.
El Nino iqlim hadisəsinin qarşıdakı aylarda azalması gözlənilir və bundan sonra temperaturlar müvəqqəti olaraq aşağı düşməlidir, lakin bəzi elm adamları bunun baş verməyəcəyindən narahatdırlar.
NASA-nın “Goddard” Kosmik Tədqiqatlar İnstitutunun direktoru Qeyin Şmidt bildirib ki, əgər yay mövsümünün sonuna qədər hələ də Şimali Atlantikada və ya başqa yerlərdə rekord qıran temperaturlar davam edərsə, deməli, həqiqətən də iqlim dəyişikliyi yeni mərhələyə keçə bilər.
Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidmətinə görə, 2024-cü ilin mart ayı sənayedən əvvəlki dövrlərdən - insanların böyük miqdarda mədən yanacağı yandırmağa başlamasından əvvəlki vaxtla müqayisədə 1,68 dərəcə isti olub. Lakin alimlər 2023-cü ilin sonunun niyə belə isti olduğunu dəqiq izah etməkdə çətinlik çəkirlər. Onlar bildirirlər ki, mart rekordu gözlənilən idi. Keçən iyun ayında başlayan və dekabrda öz zirvəsinə çatan El Nino yüksək temperaturun əsas hərəkətverici qüvvəsi olan qazıntı yanacaqlarının yandırılması ilə atmosferə atılan qazlara istilik əlavə edir.
Alimlərə görə, temperaturlar keçən ilin sentyabrında xüsusilə böyük fərqlə rekordlar qırmağa başlayıb və o vaxtlar El Nino hələ də inkişaf edirdi. Bu səbəbdən bütün əlavə istiliyi izah etmək mümkün deyil.
İndiki El Nino hadisəsi azalır və çox güman ki, yaxın bir neçə ayda sona çatacaq. Alimlər Sakit okeanda şəraitin necə inkişaf edəcəyinə tam əmin olmasalar da, hazırkı proqnozlar bu ilin sonunda onun sərin hava fazası ilə əvəz oluna biləcəyini göstərir. Dəniz səthinin bu soyuması normal olaraq qlobal hava istiliyində müvəqqəti azalma ilə müşayiət olunacaq, lakin bunun necə inkişaf edəcəyini görmək mümkün deyil.
“Mercator Ocean International” təşkilatından professor Anjeliq Melet deyir: “Bizim qarşıdakı illərdə emissiyaları azaltmaqla iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək imkanlarımız var. Mən çətinlikləri başa düşürəm, amma bu da bir həqiqətdir ki, hərəkətə keçməsək, onda yeni mənfi rekordlar qeydə alına bilər”.