Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Pekində apardığı danışıqlardan sonra bəyan edib ki, ABŞ-ın regiona öz iradəsini yeritmək cəhdlərinə qarşı çıxmaq məqsədilə Moskva və Pekin Avropa və Asiyada təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə etmək barədə razılığa gəliblər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Çin və Rusiya hələ 2022-ci ilin fevralında – Ukraynada hərbi əməliyyatlardan bir neçə gün əvvəl “məhdudiyyətsiz” tərəfdaşlıq niyyətlərini açıqlayıblar.
Lavrov çinli həmkarı Vanq Yi ilə danışıqlardan sonra deyib ki, Putin Avrasiya məkanında təhlükəsizliyin gücləndirilməsini təklif edib, Çin və Rusiya bu məsələdə digər həmfikirlərin də iştirakı ilə dialoqa başlamaq barədə razılığa gəliblər. O əlavə edib: “Uzun müddətdir ki, NATO, o cümlədən ATƏT formatında Avro-Atlantik təhlükəsizlik strukturu var idi, lakin hazırda onunla danışıqlar aparmaq mənasızdır”.
Rusiyanın xəbər agentlikləri Vanqa istinadla bildirirlər ki, ABŞ-ın rəhbərlik etdiyi NATO alyansı nə Asiya-Sakit okean regionunda fəaliyyətini genişləndirməli, nə də qarşıdurmanı təşviq etməlidir.
Görüşdən sonra keçirilən mətbuat konfransında Vanq ABŞ, NATO ilə bağlı məsələni və ya Ukraynadakı müharibəni açıq şəkildə şərh etməyib, lakin Çin-Rusiya münasibətlərinin perspektivlərini yüksək qiymətləndirib. “Hər iki ölkə hegemonluğa və güc siyasətinə qarşı çıxmalı, bir neçə ölkənin beynəlxalq məsələlərdə monopoliyasına yol verilməməlidir, -deyə Çinin xarici işlər naziri vurğulayıb.