Yunanıstanın Müdafiə Nazirliyi 108 ədəd köhnə qırıcı təyyarəni satmaq və onları yeniləri ilə əvəzləmək niyyətindədir.
“Realnews” nəşri yazır ki, bunlar 1989-cu ildə "F-16" qırıcılarının ilk eskadrilyasını təşkil edən 32 ədəd “Block 30” modifikasiyası, 42 ədəd “Mirage 2000 EGM” və “Mirage 2000-5” təyyarələri, həmçinin 2000-ci ildə modernizə edilən 34 ədəd “F-4 Phantom” qırıcılarıdır. Yunanıstanın həmin təyyarələrin satışından təxminən 2,3 milyard dollar əldə edəcəyi gözlənilir.
Qırıcı təyyarələrin potensial alıcıları arasında Kiyev də ola bilər. Nəşrin məlumatına görə, hazırda onlara ən çox Ukraynanın ehtiyacı var. Eyni zamanda, Avropa İttifaqının son sammitində növbəti dörd il ərzində Kiyevə 50 milyard avro ayrılması qərara alınıb. Brüssel Yunanıstan Hərbi Hava Qüvvələrinə müvafiq təzminat ödəyərsə, Afina "F-16" qırıcılarını bu paketə daxil edə bilər.
Bir müddət öncə, Yunanıstanın müdafiə naziri Nikos Dendias 2030-cu ilədək ölkədəki 3-cü və 4-cü nəsil qırıcıların 200 ədəd müasir tipli hərbi təyyarə ilə əvəz olunacağını bildirib.