Xəzər Xəbər

ABŞ İran konsulluğuna raket hücumu ilə əlaqəsinin olmadığını bildirib

Dünya | 13:38 • 2 Aprel 2024
ABŞ İran konsulluğuna raket hücumu ilə əlaqəsinin olmadığını bildirib

Vaşinqton İranın Dəməşqdəki konsulluğuna hava zərbəsindən xəbərsiz olub və bu hücumda iştirak etməyib.

Xezerxeber.az CNN telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

“ABŞ-nin İranın Dəməşqdəki konsulluğuna endirilən zərbə ilə heç bir əlaqəsi yoxdur və biz bu barədə əvvəlcədən məlumatlı deyildik”, - deyə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

Birləşmiş Ştatların hakimiyyət orqanlarında olan digər mənbələr isə Ağ evə Suriya əməliyyatı ilə bağlı məlumat İsrail təyyarələri artıq havada olarkən verildiyini, lakin hədəfin göstərilmədiyini deyib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan isə öz növbəsində zərbəni "beynəlxalq konvensiyaların pozulması" adlandırıb. “Bu hadisənin nəticələrinə görə İsrail məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət bu cür cinayətlərlə bağlı qətiyyətli mövqe tutmalıdır”, - deyə nazir əlavə edib. O, İsraili dəstəklədiyi üçün bu məsələdə ABŞ-nin da məsuliyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, İsrail hərbi hava qüvvələri Dəməşqin cənub-qərbində İran konsulluğunun binasına raket zərbəsi endirib. Tehran hadisə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalının, həmçinin beş general köməkçisinin həlak olduğunu açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar