Xəzər Xəbər

Qlobal pandemiya sazişi ətrafında mübahisələr artır

Dünya | 17:47 • 30 Mart 2024
Qlobal pandemiya sazişi ətrafında mübahisələr artır

İqtisadiyyatları parçalayan, cəmiyyətləri alt-üst edən, səhiyyə sistemlərini iflic vəziyyətinə salan və milyonlarla insanın ölümünə səbəb olan COVID-19-dan sarsılan ölkələr 2021-ci ilin dekabrında bu cür fəlakətin bir daha baş verməməsi üçün məcburi öhdəliklər çərçivəsi qurmağa qərar verdilər.

Bu sazişin ətrafında ölkələr arasında xeyli mühüm ixtilaflar yaranıb. Belə ki, danışıqların son mərhələsində dövlətlər hələ də gələcək qlobal sağlamlıq böhranlarını necə həll etmək üzrə müxtəlif versiyalar irəli sürürlər.

Doqquzuncu və yekun danışıqlar raundu martın 18-də açılıb və axşam saatlarına qədər davam edib. Diplomatlar saziş bağlamaqda maraqlı olduqlarını israr edirlər, lakin müxtəlif ittifaqlar hələ də bir-birindən uzaq görünür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus dəfələrlə xəbərdarlıq edib ki, “hamı nəyisə verməli olacaq, yoxsa, heç kim heç nə əldə edə bilməyəcək”.

Pandemiya sazişi çağırışlarına rəhbərlik edən Avropa ölkələri onun qarşısının alınmasına daha çox investisiya yatırılmasını istəyir, Afrika ölkələri isə bu işi görmək üçün bilik və maliyyə, üstəlik vaksinlər və müalicələr kimi pandemiya əleyhinə tədbirlərə lazımi giriş tələb edirlər. Birləşmiş Ştatlar bütün ölkələrin ortaya çıxan epidemiyalardan məlumat və nümunələri tez və şəffaf şəkildə paylaşmasını təmin etmək istəyir, inkişaf etməkdə olan ölkələr isə onların geridə qalmasının qarşısını almaq üçün zəmanətli kapital üçün səy göstərirlər.

ÜST-nin 194 üzv dövlətin iştirakı ilə 27 may -1 iyun tarixlərində keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasında pandemiyaya hazırlıq, onun qarşısının alınması və cavab tədbirləri üzrə yekun sazişin qəbul edilməsi nəzərdə tutulur. Lakin diplomatik dairələrdə belə bir fikir var ki, inkişaf etməkdə olan dövlətlər Qərbin inadından beziblər və prosesi başa çatdırmaq üçün apreldə əlavə danışıqlara ehtiyac ola bilər.

ÜST-nin rəhbəri bildirib ki, ölkələr “tərəqqi əldə edir, lakin hələ də əlavə danışıqlara ehtiyacı olan fərqli məsələlər var. O əlavə edib: “Onların heç biri həlledilməz deyil. Əgər ölkələr bir-birinin dərdini dinləsələr, əminəm ki, ortaq dil tapa bilərlər. İkinci əsas maneə razılaşma ilə bağlı yalan və sui-qəsd nəzəriyyələridir. Gələcək nəsillərin sağlamlığını riskə atan qəsdən aldadıcılığı pisləyirəm”.

Hələ də müzakirə edilən əsas mövzular arasında yeni yaranan patogenlərə çıxış, xəstəliklərin yayılmasının qarşısının daha yaxşı alınması və monitorinqi, etibarlı maliyyələşdirmə və texnologiyanın yoxsul ölkələrə ötürülməsi yer alır. Danışıqları Hollandiyadan Roland Driece və Cənubi Afrikadan Precious Matsosonun həmsədrlik etdiyi Hökumətlərarası Danışıqlar Orqanı aparır.

Yekun danışıqlar raundunu açan Driece bir çox ölkələrin indi razılığa gəlməyin çətin olacağını düşündüyünü və layihənin gözlənildiyi kimi yüksək səviyyədə olmadığını deyib. O əlavə edib ki, artıq güzəştlərin vaxtıdır.

Növbəti pandemiyada uğur və ya uğursuzluq çox dərəcədə əczaçılıq sənayesinin lazımi peyvəndlər, testlər və müalicələr hazırlamasından, ən başlıcası isə onların necə paylanmasından asılı ola bilər. Beynəlxalq Əczaçılıq İstehsalçıları və Assosiasiyaları Federasiyasının baş direktoru Tomas Kueninin sözlərinə görə, şirkətlər bu məsələdə könüllü səy göstərməlidir. O əlavə edib ki, COVID zamanı görünməmiş könüllü texnoloji transfer olub və bu, yanlış şəkildə davam edərsə, növbəti dəfə böyük maneələr meydana çıxa bilər.

Nəhayət, ÜST-nin yüksəkvəzifəli şəxsləri ölkələrə bu sazişə nədən belə çox ehtiyac olduğunu xatırlatmağa çalışırlar. Təşkilatın fövqəladə vəziyyətlər üzrə direktoru Maykl Rayan bildirib ki, bu razılaşma gələcək nəsillərə yaxşı miras olacaq. O vurğulayıb: “Pandemiya sazişi rəfdə qalacaq tozlu köhnə sənəd olmayacaq. Bu sənəd həyatları xilas edəcək”. (AZƏRTAC)

Xəbər lenti