Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 19-da Kupyansk istiqamətindəki ön mövqelərə gəlib. O, cəbhənin bu hissəsində Ukraynanı müdafiə edən hərbçiləri mükafatlandırıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytı məlumat yayıb.
“Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üçün döyüş tapşırıqlarını yerinə yetirən knyaz Roman Veliki adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon-komandanlıq postuna baş çəkib”, - deyə məlumatda bildirilir.
Zelenski burada briqada komandiri polkovnik-leytenant Aleksey Trubnikovun cəbhənin müvafiq hissəsindəki əməliyyat vəziyyəti və müdafiə qüvvələrinin birləşmiş bölmələri ilə qarşılıqlı əlaqəsi barədə məruzəsini dinləyib.
“Briqada komandiri, həmçinin ölkə Prezidentinə məsuliyyət zonasında müxtəlif növ dronlardan istifadə təcrübəsi və Radioelektron mübarizə (REM) sistemlərindən istifadə edilməklə düşmənin pilotsuz uçuş aparatları ilə mübarizənin xüsusiyyətləri barədə danışıb. Bölmələrin texnika, döyüş sursatı ilə təmin olunması və döyüşçülərin digər zəruri ehtiyacları ayrıca müzakirə edilib”, – dərc edilən yazıda qeyd olunur.
Volodimir Zelenski hərbçilərlə də söhbət edib, Ukraynanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında fərqlənən döyüşçüləri mükafatlandırıb.
“Bu gün burada olduğuma, sizi gördüyümə, təbrik etdiyimə, dövlətimizi, ailələrimizi, müstəqilliyimizi, suverenliyimizi müdafiə etdiyinizə görə bütün ukraynalılar, bütün Ukrayna adından sizə təşəkkür etdiyimə görə çox şadam. Sizdən arxayınam. Sizə cansağlığı arzulayıram, özünüzə və döyüşçü qardaşlarınıza yaxşı baxın. Bu, çox vacibdir. Hər birinizə qələbə arzu edirəm”, – deyə o vurğulayıb.
Prezident Zelenski “Ukrayna Qəhrəmanı” döş nişanını və “Qızıl Ulduz” ordenini 2008-ci ildən bəri desant-hücum qoşunlarında xidmət edən və hazırda Ukrayna Silahlı Qüvvələrinin (USQ) 95-ci əlahiddə desant-hücum briqadasına komandanlıq edən polkovnik Oleq Apostola təqdim edib.
Ukrayna Prezidenti, həmçinin polkovnik Aleksandr Lutsenkonu “Döyüş xidmətlərinə görə” medalı ilə təltif edib. Bundan əlavə, o, ön xətt müdafiəçilərinə III dərəcəli “Boqdan Xmelnitski” və “Cəsurluğa görə” II-III dərəcəli ordenlərini hərbçilərə təqdim edib.