Xəzər Xəbər

Ukrayna döyüş strategiyasını və üsulunu dəyişir

Dünya | 13:38 • 2 Fevral 2024
Ukrayna döyüş strategiyasını və üsulunu dəyişir

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, döyüşlər səngimək bilmir. Əksinə, Rusiya ordusu əsas hədəf kimi elan etdiyi Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çıxmaq üçün hücumlarını sayını artırıb. Ukrayna isə Rusiya ərazilərinə dron və raket hücumlarını intensivləşdirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Valeri Zalujnı bəyan edib ki, Ukrayna döyüş strategiyasını və üsulunu dəyişir. Buna səbəb isə silah və hərbi texnikanın, xüsusilə pilotsuz təyyarələrin inkişafıdır. Onların istifadəsinin geniş vüsət alması daha böyük spektrli vəzifələri yerinə yetirməyə imkan verir.

Xezerxeber.az-ın məlumatına görə, Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri, hərbi ekspert Sergey Kuzan AZƏRTAC-a bildirib ki, cəbhədə vəziyyət barədə danışarkən, ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin effektli müdafiəsinə diqqət yetirmək lazımdır.

“Rusiya ordusunun hazırda Ukrayna silahlı qüvvələrinin müdafiə xəttini yarmağa gücü yoxdur. Sözsüz ki, Rusiya ordusu yeni əraziləri tutmağa cəhd edir, xüsusilə Donetsk və Luqansk vilayətlərinin sərhədinə çıxmaq istəyir. Uzunmüddətli döyüşlərə baxmayaraq, hələ də Rusiya hər iki vilayətin ərazisini tam nəzarət edə bilmir və yeni ərazilər tuta bilməyib. Hazırda bütün cəbhə xəttində vəziyyət gərgindir, xüsusilə Rusiya ordusu Kupyanskdan tutmuş Avdeyevkaya qədər güclərini cəmləşdirib intensiv hücumlar edir, müdafiə xəttini yarmağa çalışır. Ancaq heç nəyə nail ola bilmirlər.

Rusiyanın Kupyansk və Avdeyevkada hər hansı irəliləyişə nail olduğu barədə feyk xəbərlər yayılsa da, bu, həqiqəti əks etdirmir. Hazırda da Rusiya üçün Kupyansk və Avdeyevkanı tutmaq prioritet olaraq qalır. Təkcə Kupyansk istiqamətində Rusiya 45 min canlı qüvvəsini və 500-dən çox texnikasını cəmləşdirib. Hər dəqiqə, hər saat qarşı tərəfin hücumlarının şahidi oluruq, lakin Ukrayna ordusu müdafiə olmağı bacarır”, - deyə hərbi ekspert əlavə edib.

Bəs Ukrayna yeni əks-hücumlara nə vaxt başlayacaq? İndi bu sual ətrafında müxtəlif fikirlər səslənməkdədir. Hələlik bəlli olan odur ki, Ukraynanın əks-hücumlara başlaması tərəfdaş ölkələrin daha çox silah-sursat tədarük etməsindən asılıdır.

Hərbi ekspert hesab edir ki, doğurdan da Ukrayna ordusunun yenidən əks-hücumlara başlamamasının səbəbi yeni lazımi maliyyə və hərbi texnikaların, silahların gecikməsidir.

“Ona görə biz yalnız effektli müdafiə olunmağı düşünürük. Lakin indiki vəziyyət Ukraynaya sərf edir, çünki Rusiya ordusu mövcud hücumlarını davam etdirə bilməz. Onlar bu tempi uzun müddət saxlaya bilməyəcək və zəifləyəcək. Rusiya ordusunun aktiv hücumlarının martın sonlarına, yəni oradakı prezident seçkilərinə qədər davam edəcəyi gözlənilir. Sözsüz ki, bu intensiv hücumlar nəticəsində Rusiya çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını itirəcək.

Yay aylarına qədər Ukrayna ordusu hücuma keçə bilməyəcək, amma şübhəsiz ki, hər şey Qərb tərəfdaşlarının köməyindən asılıdır. Bizə hələ də aviasiya, artilleriya mərmiləri lazımdır. Gördük ki, düşmənin total üstünlüyü bizə hücum imkanlarımızı inkişaf etdirməyə imkan vermir”, - deyə Sergey Kuzan vurğulayıb.

Xəbər lenti