Xəzər Xəbər

Dünyada 469 milyon uşaq münaqişə zonalarında yaşayır

Dünya | 14:26 • 14 Dekabr 2023
Dünyada 469 milyon uşaq münaqişə zonalarında yaşayır

Ötən il dünya üzrə münaqişə zonalarında yaşayan uşaqların sayı təxminən 469 milyona yaxınlaşıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat “Save the Children” təşkilatının son hesabatında yer alıb.

2022-ci ildə uşaqlar üçün ən təhlükəli üç ölkə Konqo, Mali və Myanma olub. Təşkilatın icraçı direktoru Florian Vestfalın sözlərinə görə, Qəzza sektorunda və Sudandakı münaqişələr səbəbindən bu göstərici daha da artacaq.

Hesabatda qeyd olur ki, Afrikada 183 milyon, Asiyada 145 milyon, Amerikada 69 milyon, Yaxın Şərqdə 63 milyon, Avropada isə 9 milyon uşaq silahlı qarşıdurmalardan əziyyət çəkib. Faiz nisbətində baxılsa, münaqişələrin təsirinə məruz qalan azyaşlıların sayı Yaxın Şərqdə ən yüksək səviyyəyə çatıb. Ötən il orada hər üç uşaqdan biri münaqişə zonasında yaşayıb.

Eyni zamanda, 2022-ci ildə uşaqlara qarşı 28 minə yaxın cinayət hadisəsi qeydə alınıb. Bu, müvafiq hesablamanın aparıldığı 2005-ci ildən bəri ən yüksək göstəricidir. Uşaqlar ən çox Konqo, Fələstin, Somali, Suriya, Ukrayna, Əfqanıstan və Yəməndə cinayət qurbanı olub.

Həmçinin 2022-ci ildə uşaqların silahlı qüvvələrə və qruplaşmalara cəlb olunması faktı 20 faiz artaraq 7,6 minə çatıb.

Xəbər lenti

Çox oxunanlar