Xəzər Xəbər

NATO-nun 2024-cü il üçün hərbi büdcəsi 12 faiz artıb

Dünya | 09:37 • 14 Dekabr 2023
NATO-nun 2024-cü il üçün hərbi büdcəsi 12 faiz artıb

NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12 faiz artaraq 2,03 milyard avroya, təşkilatın siyasi komponentinin büdcəsi 18,2 faiz artaraq 438,1 milyon avroya çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının məlumatında deyilir.

Bildirilir ki, təşkilatın büdcəsinin üçüncü əsas komponenti sayılan, ayrı-ayrı üzv ölkələrə deyil, alyansa məxsus olan komanda və idarəetmə obyektlərinin tikintisi xərclərini özündə əks etdirən NATO Müdafiə İnvestisiya Proqramı 1,3 milyard avro təşkil edəcək. Bu da əvvəlki dövrlə müqayisədə 30 faiz artım deməkdir.

Beləliklə, alyansın ümumilikdə 2024-cü ildə təxminən 3,768 milyard avro büdcəsi olacaq. Söhbət bir təşkilat kimi NATO strukturlarının ixtiyarında olan büdcələrdən gedir. NATO-nun hesablamalarına görə, alyansa üzv dövlətlərin ümumi hərbi xərcləri 2024-cü ildə təxminən 1,264 trilyon dollar təşkil edəcək.

Alyansın genişləndirilmiş büdcələri dekabrın 13-də NATO-nun səfirlər səviyyəsində planlaşdırılan iclasında təsdiqlənib. Bu büdcələr mülki və hərbi qulluqçuların, o cümlədən Baş katib Yens Stoltenberqin maaşının ödənilməsinə sərf olunur. NATO-nun rəsmi reytinq cədvəlinə əsasən, 2024-cü il yanvarın 1-dən NATO-da yüksək səviyyəli menecerlərin maaşı sosial və digər ödənişlər nəzərə alınmadan 17,5 min dollar olacaq. Bununla belə, NATO-da maaşların səviyyəsi məmurun təmsil etdiyi ölkədən və onun müxtəlif kateqoriyalı kadrlar üçün əməkhaqqı indekslərindən də asılıdır.

Xəbər lenti

Çox oxunanlar