İsveç hökuməti yaxın vaxtlarda Ukraynaya 1,4 milyard kron (134 milyon dollar) həcmində yeni yardım paketini elan edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson və beynəlxalq əməkdaşlıq naziri Yohan Forssell mətbuat konfransında deyib.
“Bu, indiyədək İsveçin Ukraynaya ikitərəfli yardımı çərçivəsində təqdim etdiyi ən böyük dəstəkdir”, - deyə Ulf Kristersson bildirib.
Vəsaitin 900 milyon kronu (86 milyon dollar) Ukraynanın əsas infrastrukturunu - enerji, mənzil, səhiyyə və nəqliyyat sektorunu dəstəkləmək üçün Dünya Bankı tərəfindən yaradılan fonda köçürüləcək. Daha 300 milyon kron (28,7 milyon dollar) isə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təsis olunan Ətraf Mühit və Enerji Fonduna istiqamətləndiriləcək.
Eyni zamanda 100 milyon kron (9,6 milyon dollar) BMT-nin ərzaq proqramlarına, 75 milyon kron (7,2 milyon dollar) məktəb və uşaq bağçalarında sığınacaqların tikintisi üçün UNESCO-ya yönəldiləcək, 25 milyon kron (2,4 milyon dollar) isə mülki müdafiə və fövqəladə hallar idarələrinə veriləcək.
Dekabrın 14-də hökumətin iclasında rəsmən qəbul ediləcək yeni paket barədə qərardan sonra İsveçin Ukraynaya yardımının ümumi həcmi 30 milyard krona (2,87 milyard dollar) çatacaq.