Ukraynaya getmək üçün Polşa-Ukrayna sərhədində 2500-dən çox yük maşını növbə gözləyir.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.
Onun sözlərinə görə, yük maşınlarının əksəriyyəti “Rava-Russkaya-Xrebene” keçid məntəqəsi istiqamətində toplaşıb.
Demçenko nəqliyyatın çox yavaş templə buraxıldığını, saatda bir neçə avtomobilin sərhəddən keçdiyini deyib.
Eyni zamanda, səhər saatlarında Ukrayna Dövlət Sərhəd Xidməti Polşa ilə sərhəddə daha iki keçid məntəqəsinin fəaliyyətinin dayandırıldığı barədə məlumat yayıb. Buna səbəb kimi gömrük məlumat bazasının nasazlığı göstərilib.
Xatırladaq ki, noyabrın 6-da Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə üç əsas keçid məntəqəsini bağlayıblar. Noyabrın 23-də onlara dördüncüsü əlavə edilib. Etirazçılarla aparılan danışıqlar hələ ki, nəticə verməyib. Onlar Avropa İttifaqının (Aİ) Ukraynadan olan daşıyıcılara verdiyi güzəştlərin ləğvini, Ukraynanın kommersiya yük daşımalarının icbari lisenziyalaşdırılması ilə bağlı əvvəlki prosedurun bərpasını və ötən il fevralın 24-dən sonra Ukrayna nəqliyyat şirkətlərinə verilmiş icazələrin ləğvini tələb edirlər.
Mənbə: TASS