Perunun Patas əyalətində silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün, dekabrın 2-də təxminən saat 01:00-da bir qrup silahlı cinayətkar Libertad vilayətinin Patas əyalətində yerləşən Poderosa mədən şirkətinin obyektlərinə daxil olub və silahlı toqquşma baş verib. Şirkətin mühafizəsi və 4 nəfər girov götürülüb”, - məlumatda deyilir.
Məlumata görə, cinayətkarlar partlayıcı qurğunu mədənə atıblar. Nəticədə 9 nəfər ölüb, 15 nəfər yaralanıb. "Milli polis vəziyyəti nəzarətə götürüb. İndiyədək cinayət törətdiyi güman edilən 7 nəfər saxlanılıb, silah-sursat götürülüb", - nazirlikdən bildirilib.
RPP radiostansiyasının məlumatına görə , hücumun təşkilində “Tren de Araqua” cinayətkar qruplaşması şübhəli bilinir.