Şimali Koreyaya məxsus hərbi kəşfiyyat peyk Ağ Evin, Pentaqonun və ABŞ-nin hərbi dəniz qüvvələrinin bazasının şəkillərini çəkib
Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bu barədə məlumat yayıb. Agentliyin xəbərində deyilir ki, KXDR lideri Kim Çen In artıq həmin fotoları görüb.
Hərbi kəşfiyyat peykinin ABŞ-nin daha bir neçə hərbi strateji məntəqəsinin, o cümlədən Norfolk hərbi dəniz bazasının, Nyuport tərsanəsinin və Virginiyadakı aerodromun, habelə Böyük Britaniyanın təyyarədaşıyan gəmisinin şəkillərini çəkdiyi bildirilir.
Qeyd edək ki, KXDR noyabrın 21-də “Çholima-1” daşıyıcı raketi vasitəsilə “Malligen-1” kəşfiyyat peykini uğurla orbitə çıxarıb. Pxenyan yaxın zamanlarda daha bir neçə peyki orbitə çıxarmağı planlaşdırdığını bildirib. Şimali Koreya cari ilin avqust və may aylarında bu istiqamətdə iki uğursuz cəhd etmişdi. Kəşfiyyat peykinin bir neçə gün əvvəl Cənubi Koreya ərazisində mühüm obyektlərin fotoşəkillərini çəkdiyi açıqlanmışdı.