Xəzər Xəbər

Quterreş dünya liderlərini mədən yanacağı dövrünə son qoymağa çağırıb

Dünya | 08:52 • 26 Noyabr 2023
Quterreş dünya liderlərini mədən yanacağı dövrünə son qoymağa çağırıb

Antarktidada səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş gələn həftə Birləşmiş Ərəb Əmirliklərində qurumun İqlim Sammitində (COP28) iştirak edəcək ölkələrin liderlərinə qlobal temperaturun artımını 1,5 dərəcə Selsiyədək məhdudlaşdırmaq, insanları “iqlim xaosu”ndan müdafiə etmək və yer altından çıxarılan yanacaq epoxasına son qoymaq üçün tədbirlər görməyə çağırıb.

Xezerxeber.az BMT-nin saytına istinadla xəbər verir ki, Antarktikada dəniz buzunun sahəsi rekord dərəcədə azalıb. Son məlumatlara görə, 2023-cü ilin sentyabrında o, orta sentyabr göstəricilərindən 1,5 milyon kvadratkilometr kiçik olub. Bu, Portuqaliya, İspaniya, Fransa və Almaniyanın birlikdə ərazisinə bərabərdir.

Baş katib xatırladıb ki, Antarktidanı “yatmış nəhəng” adlandırırlar, lakin indi iqlim böhranı ilə əlaqədar o, “ayıla bilər”. “Antarktidada baş verənlər Antarktidada qalmayacaq. Yüz mil uzaqda baş verənlər buraya bilavasitə öz təsirini göstərir”, - deyə Quterreş əlavə edib.

O vurğulayıb ki, Qrenlandiyanın buz lövhəsi də sürətlə əriyərək ildə 250 giqatondan çox buz itirir.

Buzların əriməsi dəniz səviyyəsinin rekord sürətlə qalxmasına gətirib çıxarır ki, bu da sahilboyu regionlarda və bütün dünya üzrə adalarda insanların həyatını təhlükə altına alır.

BMT rəhbəri xəbərdarlıq edib ki, biz əsrin sonunadək temperaturun 3 dərəcə Selsi artımına doğru hərəkət edirik. Onun sözlərinə görə, bu, Qərbi-Antarktik buz lövhəsinin təxminən yarısının itkisi və dəniz səviyyəsinin 5 metrədək qalxması deməkdir. Çünki buz günəş şüalarını əks etdirir, onun itməsi ilə atmosfer tərəfindən daha çox isti udulur və nəticədə bütün dünyada qasırğaların, daşqınların, yanğınların və quraqlıqların şiddətlənməsi baş verir.

Xəbər lenti