Xəzər Xəbər

Yaponiyanın Baş naziri maaşının artırılan hissəsini xəzinəyə qaytaracaq

Dünya | 12:11 • 24 Noyabr 2023
Yaponiyanın Baş naziri maaşının artırılan hissəsini xəzinəyə qaytaracaq

Yaponiyanın Baş naziri Fumio Kişida və Nazirlər Kabinetinin üzvləri dövlət işçilərinin maaşlarının artırılması barədə qüvvəyə minən qanuna uyğun olaraq əməkhaqqlarının artırılan hissəsini büdcəyə qaytaracaq.

Yaponiya hökumətinin bu addımı nazirlərin maaşlarının artırılmasının xalqın tənqidinə səbəb olması ilə izah edilir.

Yaponiyada dövlət işçilərinin tətil etmək hüququ yoxdur. Bunun əvəzində parlamentin qərarı ilə xüsusi dövlət orqanı onların maaşlarını mütəmadi olaraq artırır. Son dəfə qəbul edilən qanun Fumio Kisidanın maaşının ildə 460 min yen (təxminən 3 min dollar), nazirlərin maaşlarının isə 320 min yen (təxminən 2,1 min dollar) artırılmasını nəzərdə tuturdu.

Hazırda Yaponiyada Baş nazirin aylıq maaşı 3,3 milyon yen (təxminən 22 min dollar), nazirlərin maaşları isə 2,45 milyon yen (təxminən 16,3 min dollar) təşkil edir. (AZƏRTAC)

Xəbər lenti