Ermənistana yardımla bağlı sənədin KTMT sammitinin gündəliyindən çıxarılmasını erməni tərəfi xahiş edib.
APA Belarus Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.
Görüş zamanı o da bildirilib ki, 22 noyabrda Minskdə KTMT ölkələrinin müdafiə nazirləri, xarici işlər nazirləri şuraları və təhlükəsizlik şuraları katibləri komitələrinin iclasları, 23 noyabr tarixində isə KTMT-nin sammiti keçiriləcək.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Belarus Prezidentinə KTMT Sammitində iştirak etməyəcəyini bildirib.