Türkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti bir çox fəsadlar törədib.
Noyabrın 18-də ölkənin bütün vilayətlərində hava anidən kəskin dəyişib, güclü küləklə müşayiət olunan leysan, qar yağır.
Güclü külək səbəbindən Qara dənizdə Türkiyə bayrağı altında üzən “Kafkametler” adlı gəmi ilə əlaqə kəsilib.
Məlumata görə, göyərtəsində 12 nəfərlik heyətlə Rusiyadan İzmirin Əliağa limanına yük daşıyan gəmi Qara dəniz bölgəsində fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada lövbər sala bilməyərək, yenidən hərəkətə keçən gəmi ilə limandan ayrıldıqdan qısa müddət sonra əlaqə kəsilib.
Hazırda gəminin axtarışları davam edir.
Güclü külək səbəbindən, həmçinin İstanbula nəzərdə tutulan bir çox təyyarə reysləri, eləcə də şəhərlərarası və şəhərdaxili dəniz səfərləri təxirə salınıb.
Əsən fırtına binaların və evlərin dam örtüklərini uçurub, ağacları kökündən qoparıb. Bəzi bölgələrdə istinad divarları aşıb.
Yağan leysan yağışı səbəbindən İstanbulun Şile bölgəsində dərə daşıb. Nəticədə evləri və iş yerlərini su basıb. Bununla bağlı son iki gün ərzində İstanbul Böyükşəhər Bələdiyyəsinə 3400-ə yaxın müraciət olub.
Eyni mənzərə şəhərin müxtəlif bölgələrində də müşahidə edilib.
Panama bayrağı altında üzən və Zonquldağ vilayətinin Ereğli limanında lövbər salan quru yük gəmisi fırtına səbəbindən iki hissəyə bölünüb. Gəminin sahilə doğru hərəkət edən hissəsi limanın beton divarlarına çırpılaraq sahildəki amfiteatra zərər vurub.
Gəmi heyəti təxliyə edilib.
Qara dənizdə suyun səviyyəsinin yüksəlməsi səbəbindən Zonquldağda yerləşən bir cəza evindəki məhkumlar təxliyə edilib.
Yağan leysan yağışı Mərmərə dənizində də suyun səviyyəsini artırıb, nəticədə Yalova vilayətinin Çınarcık rayonunun sahilyanı ərazilərini su basıb.
Yalovanın Delmece yaylasında isə qarın hündürlüyü 15 santimetrə çatıb.
Bəzi bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb.
Güclü qar ölkənin müxtəlif yerlərində magistral yollarda çətinliklər yaradıb.
Hidrometeoroloqlar ölkə ərazisində əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır. (AZƏRTAC)