ABŞ, İsrail və Fələstinin radikal HƏMAS təşkilatı döyüşlərdə beş günlük fasilə və girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə yaxındırlar.
Xezerxeber.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Bildirilib ki, tərəflər “müqavilə bağlamağa yaxındırlar, döyüşlərdə beş günlük fasilə zamanı Qəzza zolağında girov saxlanılan onlarla qadın və uşaq azad ediləcək”. Nəşrin mənbələri qeyd edir ki, girovların azad edilməsi yaxın günlərdə başlaya bilər.
Altı səhifəlik razılaşma münaqişənin bütün tərəflərinin ən azı beş gün ərzində hərbi əməliyyatları donduracağını nəzərdə tutur. Gözlənilir ki, “239 girovdan ilk 50-si və ya daha çoxu” azad ediləcək, onlar “hər 24 saatdan bir dəstə-dəstə” azad olunacaqlar. Döyüşlərdəki fasilə zamanı Misir tərəfindən humanitar yardımın tədarükünün artırılması da planlaşdırılır.
“The Washington Post”un məlumatına görə, sənəd ABŞ, İsrail və HƏMAS-ı təmsil edən Qətər vasitəçilərinin iştirakı ilə Dohada keçirilən məsləhətləşmələrdən sonra razılaşdırılıb.