Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında aparılan danışıqlar başa çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Çin və ABŞ arasındakı qarşıdurmanın hamı üçün dözülməz nəticələri olacaq”-deyən Çin lideri bildirib ki, iki böyük dövlət prinsip etibarı ilə qarşılıqlı əlaqəni dayandıra bilməz:
“Və bir-birini dəyişdirməyə çalışmaq qeyri-mümkündür. Pekin və Vaşinqton bir-birinə hörmət göstərsələr, sülhə və qarşılıqlı faydalı əməkdaşlığa can atsalar, fikir ayrılıqlarını aradan qaldıra bilərlər”.
O, həmçinin mədəniyyət fərqlərinə, iki dövlətin spesifik sosial-iqtisadi inkişafına baxmayaraq, Çin-Amerika münasibətlərinin uğurlu gələcəyinə əminliyini ifadə edib.
Amerika lideri isə Si Cinpinlə görüşü vacib və mühüm hesab edib: “Üz-üzə ünsiyyəti heç nə əvəz edə bilməz. Mən həmişə əlaqələrimizi birbaşa və səmimi hesab etmişəm. Biz həmişə nədəsə razılaşmasaq da, görüşlərimiz səmimi, açıq və faydalı olub”.
Amerika liderinin sözlərinə görə, o, Çin Xalq Respublikası sədrinin sözlərinin səmimiliyinə heç vaxt şübhə etməyib:
“Mən ünsiyyətimizi yüksək qiymətləndirirəm. Çünki iki lider olaraq bir-birimizi aydın başa düşməyimiz və anlaşılmazlıqlardan qaçmağımız son dərəcə vacibdir”.