Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısının sonunda Rusiyaya qarşı hazırlanan yeni sanksiyalar paketi ilə bağlı açıqlama verib.
Xezerxeber.az xəbər verir ki, Cozep Borrellinin sözlərinə görə, onlar 12-ci sanksiyalar paketi üzərində işi başa çatdırmaq ərəfəsindəirlər.
Hazırladıqları paketi çərşənbə günü üzv ölkələrə təqdim etməyi planlaşdırdıqlarını ifadə edən Borrell deyib: "12-ci paket daha çox insanın siyahıya alınmasını, almaz da daxil olmaqla yeni ixrac qadağalarını, Rusiyanın neft gəlirlərini azaltmaq üçün neft tavan qiymətini sərtləşdirməyə yönəlmiş tədbirləri əhatə edəcək. Həmçinin sanksiyalardan yayınmağa qarşı tədbirlər görüləcək”.
Yeni sanksiyaların qüvvəyə minməsi üçün üzv dövlətlərin təsdiqi tələb olunur.
Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, o cümlədən neft və kömür, qızıl daxil olmaqla geniş məhdudiyyətlər tətbiq edilib.