Ukrayna fransız hərbi texnikasının zəifliyini dilə gətirərək, “Arquus” şirkətinin istehsalı olan “Bastion” zirehli maşınlarından imtina edib. Fransa isə bu ziyandan qurtulmaq üçün həmin zirehli maşınları Ermənistana göndərib.
Fransanın “Ouest-France” portalında “Fransa Ermənistana “Bastion” tipli maşınlar çatdırıb” sərlövhəli məqalə dərc olunub.
Məqalədə bildirilir ki, “Arquus” şirkəti tərəfindən istehsal olunan “Bastion” tipli yüngül zirehli maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulurdu. Lakin Kiyev artilleriya atəşi və tank əleyhinə raketlərdən qorunmaq üçün həmin maşınların çox zəif olduğunu bildirərək onlardan imtina edib. Paris isə Ukraynanın zəif hesab etdiyi həmin maşınları himayədarlıq etdiyi Ermənistana göndərib. Bu maşınların Gürcüstanın Poti limanından keçərək dəmir yolu ilə Ermənistan tərəf aparıldığı bildirilir.
Həmçinin məqalədə Fransa xarici işlər nazirinin Ermənistana səfəri, səfər zamanı Parisin bu ölkəyə hərbi texnika çatdırılmasına razılıq verməsi, eləcə də Ermənistan müdafiə nazirinin Fransaya səfəri, bu səfər çərçivəsində bir neçə sazişin imzalanmasından bəhs edilib.
Müəllif sonda qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Ermənistana zirehli texnika tədarükünü pisləyib və Fransanın bu addımının regionda vəziyyəti gərginləşməyə doğru aparacağını bildirib. (AZƏRTAC)