Ermənistan Rusiyanı Roma Statutu ilə bağlı yeni müqavilə imzalamağa dəvət edib.
Bu barədə Ermənistan XİN rəhbərinin müavini Paruyr Hovhannisyan parlamentin gələn il üçün dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında çıxışı zamanı bildirib.
Hovannisyan ötən ay Ermənistanda ratifikasiya olunmuş Roma Statutu ilə bağlı danışaraq bildirib ki, Vaşinqtonla İrəvan arasında da Roma Statutu ilə bağlı problemlər mövcud idi, lakin ikitərəfli müqavilə onları həll etməyə imkan verdi:
“Həmin saziş ABŞ tərəfindən təklif olunub, danışıqlar aparılıb və imzalanıb. Ermənistan Rusiyanı ABŞ-la bağlanmış müqaviləyə oxşar saziş imzalamağa dəvət edib”, - Hovhannisyan bildirib.
Hovannisyanın sözlərinə görə, Rusiya hələlik bu məsələ ilə bağlı hər hansı rəsmi mövqe bildirməyib: “Düşünürəm ki, proses davam edir”.
Xatırladaq ki, 2004-cü ildə Roma Statutunun ratifikasiya prosesi dayandırılmışdı.
2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o dövrdə qüvvədə olan Ermənistan Konstitusiyaya zidd olduğunu bildirib.
2005 və 2015-ci ilin dekabrında Əsas Qanunda islahatlar aparılıb və 2020-ci il müharibəsindən sonra Ermənistanın Roma Statutunun qəbul etməsi gündəmə gəlib.
Cari ilin 3 oktyabrında isə Ermənistanda Putinin həbsinə əsas verən Roma Statutunu ölkə parlamenti ratifikasiya edib. 60 nəfər lehinə, 22 nəfər isə əleyhinə səs verib.
Kreml isə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinə qarşı “qeyri-qanuni göstərişləri” fonunda İrəvanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir.
Ermənistan rəsmiləri isə bəyan edirlər ki, ratifikasiya Rusiyaya qarşı yönəlməyib və İrəvan mövcud vəziyyətlə bağlı Moskvaya müvafiq təkliflər göndərib.
Rəsmi İrəvanın qərarına Moskva son dərəcə mənfi reaksiya verib.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, bu, ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə gətirib çıxaracaq. (APA)