Xəzər Xəbər

Serbiya və Kosovo rəhbərlərinin Avropa liderləri ilə görüşləri nəticəsiz qalıb

Dünya | 09:38 • 27 Oktyabr 2023
Serbiya və Kosovo rəhbərlərinin Avropa liderləri ilə görüşləri nəticəsiz qalıb

Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurtinin Brüsseldə Avropa liderləri ilə keçirdiyi görüşlərdə nəticə əldə olunmayıb.

Avropa İttifaqına üzv ölkələrin sammiti çərçivəsində Avropa Şurasının Prezidenti Şarl Mişel, İtaliyanın Baş naziri Ciorcia Meloni, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron həm Aleksandar Vuçiç, həm də Albin Kurti ilə birgə görüşlər keçirib.

Görüşlər Avropa İttifaqının vasitəçiliyi ilə Serbiya və Kosovo arasında dialoqu inkişaf etdirmək və iki xalqın münasibətlərini normallaşdırmaq məqsədi daşıyıb. Hər iki tərəfə Avropa İttifaqının təkliflərinin həyata keçirilməsinə sadiqlik nümayiş etdirmək və dialoqa xələl gətirən hərəkətlərdən çəkinməklə bağlı çağırış yenilənib. Liderlər Serbiya və Kosovonun, eləcə də Qərbi Balkan regionunun digər ölkələrinin Avropa yoluna irəliləməsinə dəstəyi təkrarlayıb.

Aleksandar Vuçiç Kosovo ilə bağlı əldə edilən bütün razılaşmaların həyata keçirməkdə maraqlı olduqlarını və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) fəaliyyətini dəstəklədiklərini bildirib. O, ölkəsinin regionda sülh istədiyini və bunun üçün məsuliyyətli davranmağa davam edəcəyini deyib.

Serbiya ilə Kosovo liderləri, həmçinin Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel və Aİ-nin Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə də görüş keçirib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar