Xəzər Xəbər

Rusiya BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqlə bağlı yeni qətnamə layihəsi təqdim edib

Dünya | 09:20 • 25 Oktyabr 2023
Rusiya BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqlə bağlı yeni qətnamə layihəsi təqdim edib

Rusiya BMT Təhlükəsizlik Şurasına yeni qətnamə layihəsi təqdim edib.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, sənəddə Yaxın Şərqdə tərəflər atəşkəsə çağırılır, HƏMAS-ın hücumları və girovların saxlanılması pislənilir. “Bütün tərəflər tərəfindən riayət ediləcək dərhal və davamlı humanitar atəşkəsə çağırırıq”, - sənəddə deyilir.

Rusiya Federasiyasının qətnaməsinin yeni layihəsində yanacaq da daxil olmaqla, Qəzzaya zəruri malların maneəsiz çatdırılması yer alıb. Sənəddə bildirilir: "Mülki şəxslərə elektrik enerjisi, su, yanacaq, ərzaq və dərman da daxil olmaqla, zəruri malların davamlı və maneəsiz verilməsinə çağırırıq". Qətnamə layihəsində vurğulanır ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki şəxslərin əsas ehtiyaclardan məhrum edilməmələrinə zəmanət vermək lazımdır.

Layihədə, həmçinin “Qəzza zolağının bütün zərərçəkmiş rayonlarına sürətli, təhlükəsiz və maneəsiz çıxışı” təmin etmək üçün humanitar dəhlizlərin yaradılması çağırışı da yer alıb. Bundan əlavə, sənəd bütün tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə, eləcə də bütün girovların dərhal azad edilməsinə çağırır.

Rusiyanın təqdim etdiyi sənəddə, həmçinin deyilir: “Biz mülki şəxslərin və BMT əməkdaşlarının təxliyəsi və Qəzzanın cənubuna köçürülməsi əmrinin dərhal ləğv edilməsinə çağırırıq”.

Sənəddə Yaxın Şərqdə münaqişənin genişlənməsinin yolverilməzliyi vurğulanır.

Xəbər lenti