Qırğızıstan aşkarlanan yeni hüquqi və tarixi sənədlər əsasında Tacikistana qarşı ərazi iddiaları irəli sürə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamıçbek Taşiev deyib.
“Tacikistan bizə qarşı ərazi iddiaları irəli sürür. Bir neçə gün əvvəl Qırğızıstanın bəzi ərazilərinin Tacikistana verildiyinə dair yeni sənədlər tapmışıq. Biz bunu hüquqi və tarixi sənədlərlə təsdiqləyə bilərik. Əgər Tacikistan bundan əl çəkməsə, biz də həmin sənədlərə əsasən onlara qarşı ərazi iddiaları irəli sürə bilərik”, - deyə Taşiev bildirib.
Onun sözlərinə görə, Qırğızıstanın on və yüz illər əvvəl qonşularına verilən torpaqları qaytarmaq üçün gücü və imkanları var. Lakin Bişkek bundan sonra da mübahisəli məsələləri yalnız sülh və danışıqlar yolu ilə həll etmək niyyətindədir.
Qeyd edək ki, 2022-ci il sentyabrın 14-də Qırğızıstan-Tacikistan sərhədində ağır silahlardan istifadə olunmaqla toqquşmalar qeydə alınıb. Toqquşmalar nəticəsində Qırğızıstan tərəfindən 63, Tacikistan tərəfindən isə 59 nəfər həlak olub.