Çin Tayvana silah satdığına görə ABŞ-nin iki müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edib.
Bu barədə Çinin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
Sanksiya tətbiq olunan “Lockheed Martin” şirkəti avqustun 24-də açıqlanan Tayvana silah satışında birbaşa iştirak edib, “Northrop Grumman” şirkəti isə bir neçə dəfə bu prosesə cəlb olunub. Çin XİN sanksiyaların ölkənin xarici sanksiyalara qarşı qanuna əsasən qəbul olunduğunu açıqlasa da, onun detalları barədə məlumat verməyib. Çin əvvəllər də Tayvana silah satışına görə ABŞ şirkətlərinə bir neçə dəfə sanksiya tətbiq edib.
Rəsmi Pekin hesab edir ki, Vaşinqton “Vahid Çin” siyasətini, Çinin suverenliyinə və təhlükəsizlik maraqlarını ciddi pozub. Çin tərəfi bir neçə dəfə ABŞ-ı Tayvana silah satmağı dayandırmağa çağırsa da, Vaşinqton buna məhəl qoymur.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan qüvvələrinin sığındığı Tayvan 1949-cu ildən bəri müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan etibarən ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyur. Vətəndaş müharibəsində qalib gələn kommunistlər isə 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Rəsmi Pekin Tayvandakı qondarma Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir. Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik münasibətləri kəsərək, Pekinin “Vahid Çin” siyasətini tanısa da, Tayvanla iqtisadi, humanitar münasibətlərini davam etdirir, davamlı olaraq adaya silah tədarük edir. (AZƏRTAC)