Odlu silah aldığı zaman yalan məlumatlar verdiyinə görə ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanterə üç epizod üzrə ittiham irəli sürülüb.
Xezerxeber.az CNN telekanalına istinadla xəbər verir ki, Hanter Bayden 2018-ci ilin oktyabrında odlu silah alarkən qadağan olunan narkotiklərdən istifadə etmədiyi və onlardan asılı olmadığı barədə federal sənəddə yalan məlumat yerləşdirib. Halbuki həmin vaxt o, kokain asılılığına qarşı mübarizə aparırdı.
Beləliklə, ABŞ tarixində ilk dəfə olaraq fəaliyyətdə olan prezidentin övladına qarşı ittiham irəli sürülüb. Odlu silah almaq və ya ona sahib olmaq üçün sənədin doldurulması zamanı yalan məlumat vermək federal cinayət sayılır. Günahı sübut olunacağı təqdirdə Hanter Bayden 25 il həbs cəzasına məhkum edilə bilər.
İrəli sürülən ittiham Cozef Baydenin 2024-cü ildə yenidən prezident seçilmək üçün apardığı seçkiöncəsi kampaniyanın qızğın vaxtında ciddi məhkəmə araşdırmasına səbəb ola bilər.
Xatırladaq ki, bir müddət öncə ABŞ Nümayəndələr Palatası oğlunun biznes fəaliyyəti ilə əlaqədar Cozef Baydenin impiçmenti prosesinə start verə biləcək təhqiqatın başladığını elan edib.