Xəzər Xəbər

“TikTok” islamofob Momikaya ianə edilməsi imkanı verən funksiyanı dayandırıb

Dünya | 14:41 • 30 Avqust 2023
“TikTok” islamofob Momikaya ianə edilməsi imkanı verən funksiyanı dayandırıb

“TikTok” platforması tətbiq vasitəsilə iraqlı islamofob Səlvan Momikayə ianə göndərilməsinə imkan verən funksiyanı dayandırmaq qərarına gəlib.

Platformanın bir çox istifadəçiləri bu qərarı alqışlayıb və qeyd ediblər ki, İsveç hökumətindən fərqli olaraq, sözügedən xidmət ədalətli addım atıb.

Qeyd edək ki, 37 yaşlı Səlvan Momika ictimai yerlərdə, həmçinin Stokholmdakı məscidlərin qarşısında “Quran”ı yandıran şəxs kimi tanınır. Həmin aksiyalar hakimiyyət orqanlarının icazəsi və polis əməkdaşlarının nəzarəti altında keçirilir.

Səlvan Momika bu bədnam əməllərini “TikTok”da canlı yayımda nümayiş etdirib. Son iki ay ərzində o, həmçinin bəzən sutkada bir neçə dəfə diskussiya formatında canlı yayımlar edib. Momika “TikTok”un həftəlik reytinqində daha çox “brilyantlar” toplayan istifadəçilərə məxsus yüksək yerlər tutub.

Momika aksiyaları barədə videoçarxlarla yanaşı, öz profilində müsəlman liderlərini, ümumilikdə İslamı tənqid edən materiallar yayımlayır və ya növbəti aksiyaları barədə məlumatlar verir. Bu videomateriallara milyonlarla istifadəçi baxır və minlərlə şərh yazılır.

Səlvan Momika bildirib ki, bu qadağa onu dayandıra bilməyəcək və bu əməllərini daha iki ilə davam etdirmək üçün başqa vasitələrə malikdir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar