Xəzər Xəbər

Britaniya qeyri-qanuni miqrantlara GPS-qolbaqlar vermək istəyir

Dünya | 09:24 • 28 Avqust 2023
Britaniya qeyri-qanuni miqrantlara GPS-qolbaqlar vermək istəyir

Britaniya hakimiyyəti qeyri-qanuni miqrantların sığınacaq müraciətlərinə baxılarkən onların yerləşmə məntəqələrində saxlanması xərclərini azaltmaq məqsədilə onlara GPS - izləmə qolbaqlarının verilməsi imkanını müzakirə edir. Bu barədə “The Times” qəzeti məlumat yayıb.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, hazırda Böyük Britaniyada 175 mindən çox insan sığınacaq üçün müraciətinə hökumətdən cavab gözləyir. Müraciətlərə baxılan müddət ərzində qaçqınlar xüsusi miqrasiya mərkəzlərində yerləşdirilir, lakin belə mərkəzlərin sayı kifayət etmir. Bundan əlavə, qeyri-qanuni miqrantların saxlanması Britaniya vergi ödəyicilərinə ildə təxminən 4 milyard funt sterlinqə başa gəlir. Əlli mindən çox qeyri-qanuni miqrantı hotellərdə yerləşdirmək üçün gündə təxminən 6 milyon funt sterlinq lazımdır.

Eyni zamanda, Britaniya hökuməti ölkədə bütün qeyri-qanuni miqrantlar üçün kifayət qədər elektron izləmə qolbaqlarının olmayacağından və proqramın özünün əhəmiyyətli investisiya tələb edəcəyindən ehtiyatlanır. Belə bir tədbir hüquq müdafiəçilərində də hiddət doğuracaq və bu, hakimiyyətə qarşı məhkəmə iddiaları ilə nəticələnə bilər.

Britaniyanın Baş naziri Rişi Sunak qeyri-qanuni miqrant probleminin həllini kabinetinin beş əsas vəzifəsindən biri adlandırıb. La-Manş boğazından keçərək qayıqlarla İngiltərə sahillərinə çatan qeyri-qanuni miqrantların sayı son illər durmadan artır. 2018-ci ildə 299 belə hal qeydə alınıb, 2020-ci ildə 8,4 min, 2021-ci ildə 28,5 min nəfər qanunsuz yolla dəniz marşrutundan istifadə edib.

Xəbər lenti

Çox oxunanlar