Xəzər Xəbər

Aİ-nin beş ölkəsi Avropa Komissiyasından Ukraynadan taxıl idxalına qadağanı ilin sonuna qədər uzatmağı tələb edir

Dünya | 10:31 • 26 Avqust 2023
Aİ-nin beş ölkəsi Avropa Komissiyasından Ukraynadan taxıl idxalına qadağanı ilin sonuna qədər uzatmağı tələb edir

Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Robert Telüs jurnalistlərə bildirib ki, Polşa, Slovakiya, Bolqarıstan, Macarıstan və Rumıniya Avropa Komissiyasından Ukraynadan taxıl idxalına qadağanı ilin sonuna qədər uzatmağı tələb edəcək.

“Bu gün bizim xahişimizlə Ukrayna ilə sərhəd ölkələrinin beş naziri arasında onlayn formatda görüş keçirilib. Biz ümumi razılığa gəlmişik və mövqeyimizi Avropa Komissiyasının bu yaxınlarda keçiriləcək iclasında təqdim edəcəyik”, — deyə o qeyd edib və əlavə edib ki, ümumi mövqe üç əsas bənddən ibarətdir. “Birincisi, biz (Ukrayna taxılının Aİ ölkələri vasitəsilə -red.) tranzitə əlavə ödəmələri dəstəkləyirik. Növbəti bənd odur ki, biz ilin sonuna qədər Ukraynadan taxılın idxalına qadağanı dəstəkləyirik. Üçüncüsü - siyahı elastik olmalıdır ki, ona müəyyən məhsullar, misal üçün moruq və ya günəbaxan yağı əlavə oluna bilsin", - deyə Telüs vurğulayıb.

“Beş nazirdən hər biri bildirib ki, bu, yeganə çıxış yoludur. Hər kəs fikrində qətidir”, — deyə o əlavə edib.

Telüsun məlumatına görə, bu ilin yanvarından avqustuna qədər Polşadan 10 milyon tona yaxın, apreldən avqusta qədər isə altı milyona yaxın taxıl çıxarılıb. Bununla belə, ilin əvvəlindən Ukraynadan Polşaya bir milyon tona yaxın taxıl idxal olunub. İyun ayından başlayaraq, artıq Polşa bazarına Ukrayna taxılı daxil olmayıb.

Bundan əvvəl Avropa Komissiyası məlumat verib ki, Ukraynadan ayrı-ayrı taxıl bitkilərinin idxalı ilə bağlı tədbir görüb. Tədbirlər Bolqarıstan, Macarıstan, Polşa, Rumınıya və Slovakiyada bu məhsullar ilə əlaqədar olan logistik çətinliklərin aradan qaldırılmasına yönəlib. Onlar 2023-cü il mayın 2-dən iyunun 5-nə qədər qüvvəyə minib, daha sonra qadağa sentyabrın 15-nə qədər uzadılıb.

Martın sonunda bir sıra Avropa İttifaqı ölkələrinin baş nazirləri Ukraynadan taxılın axını səbəbi olan böhrana müdaxilə etmək xahişi ilə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenə müraciət ediblər. Polşa, Macarıstan, Rumınıya, Bolqarıstan və Slovakiya baş nazirlərinin məktubunda qeyd olunub ki, “problemlər Ukrayna məhsulunun Avropa İttifaqının üzvü olan, xüsusilə Ukrayna ilə sərhəddə və ya onun yaxınlığında yerləşən ölkələrin bazarına tədarükünün əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Xüsusən, "dənli bitkilər, yağlı toxumlar, yumurta, quş əti, şəkər, alma şirəsi, giləmeyvə, alma, un, bal və makaron məmulatı idxalının misilsiz artımı baş verib".

Avropa Komissiyası məlumat verib ki, Ukraynadan ayrı-ayrı taxıl bitkilərinin idxalı üzrə tədbirlər görüb. Həmin tədbirlər Bolqarıstan, Macarıstan, Polşa, Rumınıya və Slovakiyada bu məhsullar ilə əlaqədar olan logistik çətinliklərin aradan qaldırılmasına yönəlib. Onlar mayın 2-də qüvvəyə minib. Avropa Komissiyasının məhdudiyyətlərinin qüvvədə olduğu müddətdə Ukrayna mənşəli buğda, qarğıdalı, raps və günəbaxan toxumları hələ də bu beş dövlət istisna olmaqla, bütün Aİ-yə üzv dövlətlərdə sərbəst dövriyyəyə verilə bilər. Paralel olaraq, Bolqarıstan, Macarıstan, Polşa və Slovakiya buğda, qarğıdalı, raps, günəbaxan toxumu və Ukraynadan gələn istənilən digər məhsullara qarşı birtərəfli tədbirləri ləğv etməyə dair öhdəlik götürüblər. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar