Xəzər Xəbər

Qazaxıstan 34 həftəlik tədris ilinə qayıdır

Dünya | 14:42 • 25 Avqust 2023
Qazaxıstan 34 həftəlik tədris ilinə qayıdır

Qazaxıstanda tədris ilinin müddəti əvvəllər olduğu kimi 34 həftəyə qaytarılır. Beləliklə, dərs ili mayın 25-də başa çatacaq.

Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini, əmək və sosial müdafiə naziri Tamara Duysenova bildirib.

O qeyd edib ki, 36 həftəlik dərs ili dünya təcrübəsidir və belə yeniliklərin tətbiqi üçün ətraflı hazırlıq tələb olunur.

“Nazirliyin qərarı haqlı, lakin tələsik idi. Mayın 25-də başa çatdırılmaqla, cari ildə 34 həftəlik tədris ilinə qayıtmağı düzgün hesab edirəm”, - deyə Duysenova Astanada müəllimlərin avqust müşavirəsində bildirib.

Xatırladaq ki, ötən ilin avqustunda Qazaxıstanın Maarif Nazirliyi tədris ilinin uzadılması və məktəb tətillərinin qısadılması təklifi ilə çıxış edib. Bu, ictimaiyyətin ciddi narahatlığına və narazılığına səbəb olub. Uşaqların tətilinin azaldılması barədə nazirliyin qərarına cavab olaraq, valideynlər nazirlərin məzuniyyət müddətinin azaldılmasını təklif ediblər.

Qeyd edək ki, Qazaxıstanda orta məktəblərdə tədris ili sentyabrın 1-də başlayır.

Xəbər lenti