Xəzər Xəbər

Ukrayna kəşfiyyatının Krımda keçirdiyi əməliyyatın detalları açıqlanıb

Dünya | 13:51 • 25 Avqust 2023
Ukrayna kəşfiyyatının Krımda keçirdiyi əməliyyatın detalları açıqlanıb

Ukrayna kəşfiyyatının Krım yarımadasında keçirdiyi əməliyyatın detalları məlum olub.

Bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov danışıb.

O bildirib ki, xüsusi əməliyyat zamanı ən müasir silahlardan istifadə olunub: “Çox güclü əməliyyat keçirdik. Qarşı tərəfin bizim qarşıya qoyduğumuz tapşırıqların icrasına mane olmaq imkanı yoxdur”.

O.Danilovun sözlərinə görə, bundan əvvəl də təhlükəsizlik qüvvələri müxtəlif xüsusi əməliyyatlar keçirib: “Amma onların hamısı haqqında məlumat vermək olmaz. Bircə onu deyə bilərəm ki, müharibə bütün torpaqlarımız, o cümlədən Krım azad olunmayanadək bitməyəcək”.

Təhlükəsizlik və Müdafiə Şurasının katibi əlavə edib ki, zərurət yaranarsa, yarımada hərbi yolla azad olunacaq: “Əgər qarşı tərəf bizim torpaqlarımızdan mümkün qədər tez çıxmasa, bu, belə də olacaq”.

Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da Krımda quru əməliyyatlarına başlayacaqlarını söyləyib. (Report)

Xəbər lenti