Xəzər Xəbər

İƏT Hindistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırıb

Dünya | 17:38 • 23 Avqust 2023
İƏT Hindistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırıb

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Hindistan hökumətini Cammu və Kəşmir məsələsində beynəlxalq hüquq normalarına əməl etməyə çağırıb.

AZƏRTAC təşkilatın Baş katibliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantıda Baş katibin Fələstin və Qüds məsələləri üzrə köməkçisi Samir Bəkir bununla bağlı verilən bəyanatın mətnini oxuyub. Hissein Brahim Taha Hindistanın qeyri-qanuni zəbt etdiyi Cammu və Kəşmirdə kobud insan hüquqları pozuntularını vurğulayıb və İƏT-in bu ərazidə hüquqları pozulan insanlarla həmrəy olduğunu bildirib.

Baş katib xatırladıb ki, bu ilin martında Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyası zamanı Şura Hindistanı 2019-cu il avqustun 5-də və ya ondan sonra görülən bütün qeyri-qanuni və birtərəfli tədbirləri ləğv etməyə çağırıb. Nazirlər Hindistanın işğalı altında olan Cammu və Kəşmirdə kobud, sistematik və geniş yayılmış insan hüquqları pozuntularını dayandırmağı tələb ediblər.

Hissein Brahim Taha vurğulayıb ki, tərəflər arasında dialoq, eləcə də beynəlxalq ictimaiyyətin nizamlanma prosesində konstruktiv iştirakı Cammu və Kəşmir mübahisəsinin həllində vacib addımlardır.

Xəbər lenti

Çox oxunanlar