Xəzər Xəbər

Yunanıstanda meşə yanğınları silah-sursat anbarına çatıb

Dünya | 16:37 • 28 İyul 2023
Yunanıstanda meşə yanğınları silah-sursat anbarına çatıb

Artıq on gündən çoxdur ki, Yunanıstanda meşə yanğınları ilə bağlı vəziyyət kritik olaraq qalır. Yanğınsöndürənlər alovun hərbi obyektlərə doğru hərəkətinin qarşısını ala bilmirlər.

Xezerxeber.az xəbər verir ki, Yunanıstanın Hərbi Hava Qüvvələrinin Egey dənizi sahilindəki Volos şəhəri yaxınlığında yerləşən bazası alovlar içərisindədir. Bazada partlayış səsləri eşidilir. Hərbi hissədəki F-16 təyyarələri və personal bir müddət öncə başqa yerə aparılıb.

Eyni zamanda, sursat anbarının yaxınlığında yerləşən 12 yaşayış məntəqəsinin sakinləri təhlükəsiz ərazilərə təxliyə edilib. Rəsmi məlumata görə, sursatın partlaması zamanı ciddi xəsarət alan olmayıb. Volos rayonundakı yanğın təcili xidmətlərin mübarizə apardığı 124 meşə yanğını içərisində ən təhlükəlisidir.

Ölkənin turizm regionları da yanğından ciddi zərər çəkir. Turistlərin təxliyəsi yerli biznes üçün faciəvi nəticələrə səbəb olur. Təkcə Rodos adasında təbii fəlakət zonasından minlərlə turist çıxarılıb. Hökumət isə Yunanıstanın əksər kurortlarının turistlər üçün təhlükəsiz olduğunu iddia edir.

Xəbər lenti

Çox oxunanlar