Xəzər Xəbər

ÜST COVID-19-un fövqəladə fazasının bitməsinə dair proqram qəbul edib

Dünya | 13:50 • 4 May 2023
ÜST COVID-19-un fövqəladə fazasının bitməsinə dair proqram qəbul edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrdə COVID-19 pandemiyasının fövqəladə fazasının bitməsinə dair və koronavirus əleyhinə tədbirlərin yoluxucu xəstəliklərin qarşısının alınması üzrə daha geniş tədbirlərə inteqrasiya olunmasında bu ölkələrə kömək etməyə istiqamətlənən ikiillik proqram dərc edib.

Xezerxeber.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, sənədə müvafiq olaraq, koronavirusa yoluxanların təqribən 6 faizinin əziyyət çəkdiyi koronavirusdan sonrakı sindrom və ya uzunmüddətli COVID-in öyrənilməsinə daha çox diqqət ayrılacaq. “2023-cü il aprelindən 2025-ci ilin aprelinədək olan dövr üçün nəzərdə tutulan proqramın əsas məqsədi COVID-19 pandemiyasının fövqəladə fazasına bütün ölkələrdə son qoymaq və xəstəliklərin profilaktikasının və nəzarətinin daha geniş proqramları çərçivəsində təcili vəziyyətə reaksiya verilməsindən COVID-19-la bağlı vəziyyətin dayanıqlı kompleksli idarə olunmasına keçməkdir”, - deyə sənəddə vurğulanır.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, təşkilatın 2022-ci ildə qəbul etdiyi COVID-19 üzrə bundan əvvəlki planda əks olunan hər iki “strateji məsələ”, - “SARS-CoV-2”nin dövriyyəsinin aşağı salınması və ölüm, yoluxma hallarının və xəstəliyin uzunmüddətli fəsadlarının azaldılması məqsədilə diaqnostika və müalicənin genişləndirilməsi, - əvvəlki kimi aktualdır. ÜST-nin yeni strategiyası bu iki hədəfi qoruyub saxlayır və üçüncünü əlavə edir: təcili vəziyyətə reaksiya verilməsindən uzunmüddətli dayanıqlı profilaktikaya keçid zamanı ölkələri dəstəkləmək. Qebreyesus deyib: “Bu, mühüm addımdır”. Onun sözlərinə görə, uzunmüddətli COVID də adlandırılan koronavirusdan sonrakı vəziyyətlə bağlı problemlərin həllinə yeni proqramda xüsusi diqqət ayrılıb. ÜST-nin sənədində misal gətirilən dəyərləndirmələrə müvafiq olaraq, belə hal koronavirusa simptomatik yoluxmaların təqribən 6 faizində əmələ gəlir.

Baş direktor qeyd edib ki, hazırda beynəlxalq ictimaiyyətin ümid etməyə əsası var. Çünki dünyada koronavirusla bağlı həftəlik qeydə alınan ölüm hallarının sayı pandemiya başlanandan bəri ən aşağı səviyyədədir, əksər ölkələrdə həyat öz axarına qayıdıb. Bununla yanaşı, Qebreyesus xatırladıb ki, milyonlarla insan hələ də “SARS-CoV-2” virusuna yoluxmaqda davam edir və ya bu xəstəliyə təkrar yoluxurlar, hər həftə onlar arasından minlərlə insan həyatla vidalaşır. Bundan başqa koronavirusun yenidən yayılmasını törədə biləcək yeni variantların potensial yaranması barədə xeyli suallar qalmaqdadır.

Xəbər lenti