İngiltərədə yerli və regional özünüidarə orqanlarına, həmçinin bələdiyyələrə seçkilər başlayıb. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) açılan seçki məntəqələri 15 saat ərzində fəaliyyət göstərəcək.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, seçkilərdə 230 yerli şurada 8 min mandatın taleyi həll olunacaq.
Hakim Mühafizəkarlar Partiyası ötən seçkilərdə əldə etdiyi 3370, müxalif Leyboristlər Partiyası 2100, liberal-demokratlar isə 1200 mandatını qorumağa çalışacaq. Daha 817 siyasətçi isə öz mandatlarını müstəqil namizəd kimi qazanmışdı. Son vaxta qədər “tori” 82 yerli şuraya, leyboristlər 49 şuraya, liberal-demokratlar isə 17 şuraya tam nəzarət edirdi. Qalan 78 şuraya isə partiyaların heç biri tam nəzarət edə bilmirdi.
“Ipsos” kompaniyasının aprelin 21-dən 24-dək 1850 britaniyalı arasında keçirdiyi sorğunun nəticələrinə əsasən respondentlərin 55 faizi bu seçkilərdə “tori”nin mandat itirəcəyini düşünür və yalnız 9 faizi Rişi Sunakın partiyasının seçkidən güclü çıxacağına inanır. Rəyi soruşulan vətəndaşların 45 faizi isə leyboristlərin regional səviyyədə mövqelərini gücləndirəcəyini hesab edir.