ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.
Yeni 300 milyon dollarlıq paketə raket sistemi sursatları, haubitsa artilleriya sistemi və mərmilər və tank əleyhinə raketlər daxildir.
“Ukraynalı tərəfdaşlarımızın Rusiyanın təcavüzkar müharibəsinə qarşı müdafiəsi zamanı onların yanında olmağa davam edəcəyik”, - deyə qeyd edib.
A.Blinken ABŞ və müttəfiqlərinin Rusiya müharibəni bitirənə qədər Ukraynaya dəstəyi davam etdirəcəklərini vurğulayıb.
Digər tərəfdən Pentaqonun verdiyi açıqlamada da 300 milyon dollarlıq paketin məzmunu paylaşılıb.
Müvafiq olaraq paketə Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) sursatları, 155 mm-lik haubitsa sistemi və mərmilər, 120, 80 və 60 mm-lik minaatan mərmiləri, TOW və AT-4 tank əleyhinə raketlər, Hydra-70 hava raketləri daxildir.
Həmçinin qeyd edilib ki, paketə atıcı silahların sursatları, partlayıcı maddələr və ağır texnika və söküntü üçün nəzərdə tutulmuş avtomobil daşıyıcıları, texniki xidmət avadanlıqları və ehtiyat hissələri əlavə edilib.