Xəzər Xəbər

Ərdoğan taxıl sazişinin uzadılacağına ümid edir

Dünya | 13:25 • 1 May 2023
Ərdoğan taxıl sazişinin uzadılacağına ümid edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fəaliyyət müddəti mayın 18-də başa çatacaq taxıl sazişinin uzadılacağına ümidini ifadə edib.

Xezerxeber.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə ТRТ Turk telekanalının efirində deyib.

“Həm əsir mübadiləsi, həm də taxıl sazişinin təşkili zamanı Ukrayna və Rusiya dövlət başçıları arasında yaradılan əlverişli atmosferdən istifadə etdik. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk və taxıl sazişinin uzadılacağını düşünürük”, - deyə Türkiyə Prezidenti bildirib.

Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılması, digəri Rusiya ərzaq və gübrəsinin ixracı barədə idi. O vaxtdan bəri Moskva dəfələrlə bildirib ki, sövdələşmənin Rusiya hissəsi işləmir.

Bu il martın 18-də sazişin müddəti bitəndə BMT onun 120 gün uzadılmasını istəsə də, Rusiya müqaviləni 60 gün uzatmağa razılaşıb.

Xəbər lenti

Çox oxunanlar