Xəzər Xəbər

BMT TŞ “Taliban””ın qadınlara qarşı qadağalarını pisləyən qətnamə qəbul edib

Dünya | 12:14 • 28 Aprel 2023
BMT TŞ “Taliban””ın qadınlara qarşı qadağalarını pisləyən qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası aprelin 27-də yekdilliklə Əfqanıstanda qadınların Birləşmiş Millətlər Təşkilatında çalışmasına qoyulan qadağanı pisləyən qətnamə qəbul edib və “Taliban”ı qadın və qızların fundamental azadlıqlarını məhdudlaşdıran siyasət və əməlləri “tezliklə dayandırmağa” çağırıb.

BMT-nin rəsmi saytında yer alan xəbərə görə, Şuranın qeyri-daimi üzvləri olan Birləşmiş Ərəb Əmirlikləri və Yaponiya tərəfindən hazırlanmış, habelə 90-dan çox ölkənin birgə səyləri ilə hazırlanan qətnamədə Əfqanıstanda insan hüquqlarına və əsas azadlıqlara “ehtiramın eroziyasının artması” ilə bağlı dərin narahatlıq ifadə olunub. Sənəddə qeyd edilib ki, “Taliban”ın əfqan qadınlarının Əfqanıstanda BMT-də çalışmasını qadağan edən son qərarı təşkilatın bu ölkədəki əməliyyatlarına, o cümlədən ən həssas təbəqələrə yardım və əsas xidmətlərin çatdırılmasına mənfi təsir edəcək.

“Taliban” qrupu qadınların BMT-də çalışmasının qadağan edilməsi qərarının “daxili məsələ” olduğunu bildirib. 2021-ci il avqustun 15-də Əfqanıstanda “Taliban”ın hakimiyyətə qayıdışı, ardınca beynəlxalq maliyyə yardımının kəsilməsi bu ölkəni iqtisadi, humanitar və insan haqları böhranlarına sürükləyib. Götürdükləri öhdəliklərə baxmayaraq, hakimiyyətdə olanlar insan hüquqlarına davamlı hücumlar həyata keçiriblər. Qadınlar və qızlar “Taliban” hakimiyyəti altında öz hüquqlarından, o cümlədən təhsil hüququndan məhrum edilib, ictimai həyatdan uzaqlaşıblar. Bunun nəticəsində minlərlə qadın işini itirib və ya dövlət qurumları və özəl sektordan istefa verməyə məcbur olub.

ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild qətnamənin yekdilliklə qəbul edilməsindən sonra verdiyi açıqlamada Şuranın “Taliban”a açıq mesaj göndərdiyini və onların əfqan qadın və qızlarına qarşı repressiyalarını pislədiyini bildirib. O əlavə edib: “"Əfqanıstan qadınları və qızları insan hüquqlarından və əsas azadlıqlardan məhrum edilərkən beynəlxalq ictimaiyyət kənarda qalmayacaq. Bu sərt qərarlar yalnız Əfqanıstanın sabitliyə, iqtisadi rifaha və gələcək inkişafa nail olmasına mane olur”.

Xəbər lenti

Çox oxunanlar