Finlandiyanın dünyada ən yaxşı təhsil sistemlərindən birini yaratmasının sirri nədir?
Avropanın şimalında yerləşən bu ölkə dünyada ən yaxşı təhsil sistemlərindən birinə malikdir və dünya praktikasında ən uğurlu sayılır. Bəs məktəblərdə belə uğurlu inkişafı şərtləndirən amillər hansılardır?
Finlandiya yüksək təhsil səviyyəsinə malikdir və bu göstəriciyə görə dünyanın 3 ən yaxşı ölkəsi sırasında yer alır. Bu, PISA (Programme for International Student Assessment) proqramının rəyidir.
Bu ölkədə məktəbəqədər, orta və ali təhsil hamı üçün pulsuzdur. Bundan başqa, dövlət məktəbliləri ödənişsiz nahar, ekskursiyalar, tədris ləvazimatı ilə təmin edir. “Ümumi rifah” konsepsiyası təhsil sisteminin inkişafında mühüm rol oynayır. Bu konsepsiya dövlətin təhsildə bərabərliyə və inklüzivliyə verdiyi böyük əhəmiyyəti, bütün şagirdlərin eyni şəkildə keyfiyyətli təhsil alması pronsiplərini ehtiva edir.
Finlandiya müəllimləri, öz növbəsində, yüksək ixtisasa və böyük iş təcrübəsinə malikdirlər. Onlar cəmiyyətdə böyük hörmət görürlər. Müəllimlər yüksək səviyyəli təlim kurslarında ixtisaslarını artırır və bütün bunlar təhsilin keyfiyyətini təmin etməyə imkan verir.
Finlandiya qanunvericiliyinə görə, orta məktəblərin bütün müəllimləri magistr dərəcəsi almalıdır. Eyni müəllim 1-6-cı siniflərdə uşaqlarla işləyir, onları yaxşı tanıyır və tədris prosesini bu şagirdlərin səviyyəsi və xüsusiyyətlərinə uyğun qura bilir. Bu zaman müəllim öz üzərinə tərbiyəçi və hətta ailə üzvü funksiyasını da götürə bilər. Təhsil illəri ərzində qarşılıqlı etimad və əlaqələr elə səviyyədə qurulur ki, tərəflər bir-birini yaxşı tanıyır və müəllim-şagird münasibətlərində hörmət əsas amilə çevrilir. Öz növbəsində, 7-9-cu siniflərin müəllimləri tədris etdikləri fənnin dərinliklərinə qədər mütəxəssis səviyyəsində biliklərə malik olurlar.
Tədris prosesinin planlaşdırılması məsələlərində müəllimlərə geniş azadlıq verilib və onlar məşğələləri milli və yerli tədris kurrikulumu əsasında təşkil edirlər. Şagirdlər, həmçinin onları maraqlandıran fənləri seçmək imkanına malikdir və hətta onları dəyişdirə də bilərlər.
Tədris prosesinin daha bir xüsusiyyəti müstəqil düşünmək qabiliyyətinin formalaşması və təhsilə məsuliyyətli yanaşma, biliklərə marağın artırılmasıdır. Finlandiyada şagirdlər, habelə bilik və təcrübə əldə etmək üçün əlavə imkanlara sahibdir, çünki bu ölkədə məktəbdənxaric məşğələlər və klublar geniş şəkildə inkişaf edib, onlar rəngarəng fəaliyyətlər və proqramlar təklif edir, idman seksiyaları, bədii dərnəklər və s. fəaliyyət göstərir.
Tədris prosesində bir neçə fənni əhatə edən bloklara, ələlxüsus gündəlik hadisələrin öyrənilməsinə, habelə informasiya və kommunikasiya texnologiyalarına xüsusi diqqət yetirilir.
Finlandiyanın təhsil sistemi, həmçinin qiymətləndirmə və xidmətlərə əsaslanan konsepsiyaların inkişafı üzrə qət edilmiş yola deyil, təhsilə ümumi maraq üzərində qurulub. Bu ölkədə ən yaxşı müəllim və şagirdlərin siyahısı ümumiyyətlə yoxdur. Bu yanaşma məktəblərin daxilində də mövcuddur, şagirdlərə izah edilir ki, təhsil rəqabət mühiti deyil, bununla yanaşı, əməkdaşlıq başlıca norma hesab olunur. Nəticədə, ən zəif və bilikli şagirdlər arasında məsafə bu ölkədə dünya miqyasında ən azdır.
Finlandiyada biliklərin qiymətləndirilməsi üzrə standart testlər də yoxdur. Yeganə istisna “Yetkinlik attestatı üzrə milli imtahan”dır ki, bu da məktəbdə təhsilin son mərhələsində həyata keçirilir. Şagirdlərin ümumi tərəqqisinin izlənməsi prosesi Təhsil Nazirliyi tərəfindən aparılır.
Finlandiyada məktəblərin daha bir özəlliyi bu təhsil ocaqlarında hökm sürən sakit atmosferdir. Bu ölkənin ümumtəhsil müəssisələrində daha az stressli şəraitin olmasına, lazımsız reqlamentlərin sayının azaldılmasına, şagirdlərə və müəllimlərə daha çox qayğı göstərilməsinə çalışırlar. Tələbələr üçün adətən gündəlik bir neçə məşğələ olur. Bu zaman kəsiyində onlara yemək, əyləncəli tədbirlərdən zövq almaq, ümumiyyətlə, dincəlmək üçün şərait yaradılır. Gün ərzində, həmçinin 15-20 dəqiqəlik tənəffüslər verilir ki, bu zaman uşaqlar təmiz hava ala bilir və dincəlirlər. Müəllimlərə də yaxşı iş şəraiti yaradılıb. Onlar yüksək əməkhaqqı alır, bütün məktəblərdə müəllimlərin istirahət edəcəyi, yeni günə hazırlaşacağı və sadəcə ünsiyyət quracağı otaqlar yaradılıb. Konsepsiyaya uyun olaraq, müəllimlər öz qabiliyyətləri çərçivəsində yaxşı iş şəraitinə malik olmalıdır.
Bu ölkədə, habelə məktəblilər üçün ev tapşırığı ənənəsindən imtina edilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, Finlandiyada hər hansı digər ölkədən fərqli olaraq məktəblilərə daha az sinifdənkənar və ev tapşırıqları verilir. Məktəblilər dərs tapşırıqları üzərində çalışdıqda, sutkada cəmi yarım saat vaxt sərf edirlər.
Bütün bunlar və başqa amillər şagirdlərin qiymətlərdən və dərslə yüklənməkdən narahat olmadan əsl məqsədə - şəxsiyyətin formalaşması fonunda təhsil alması üzrə məktəb sisteminin yaradılmasına nail olmağa imkan verir. (AZƏRTAC)