Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici məsələlər üzrə dəftərxana müdiri, Siyasi Büronun üzvü Van İ ABŞ-nin dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı ÇXR-ə məxsus hava şarının təsadüfən Amerikanın hava məkanına daxil olması ətrafında Vaşinqtonun yaratdığı hay-küyün qəbuledilməz olduğunu bildirib.
Van İ gözlənilməz vəziyyətlərdə Çin və ABŞ-nin təmkinli davranmalı və yanlış nəticələr çıxarmaqdan yayınaraq operativ əlaqələr qurmalı olduqlarını deyib.
Çin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı yaranmış vəziyyətin soyuqqanlı və peşəkar səviyyədə həlli yolları müzakirə edilib.
Fevralın 2-də Pentaqonun mətbuat katibi Patrik Rayder ABŞ səmasında kəşfiyyat şarının qeydə alındığı barədə məlumat verib. Həmçinin qeyd edib ki, hava şarı yerdəki insanlar üçün təhlükə törətmədiyi üçün vurulmasa da, vacib informasiyaları qorumaq məqsədilə operativ tədbirlər görülüb.
Çinin Xarici İşlər Nazirliyi isə öz növbəsində bildirib ki, aşkarlanmış obyekt mülki aerostatdır və əsasən meteoroloji tədqiqatlar üçün istifadə edilir. O, güclü qərb küləyi səbəbindən idarəetməni itirib və təyin olunan marşrutdan çıxıb. (AZƏRTAC)